SOSİUM

04 Dekabr

"Azərbaycan Atabəyləri" filmi: 500 insanın əməkdaşlığı ilə tarixi əsər

3 dekabr Heydər Əliyev Mərkəzində “Azərbaycan Atabəyləri” adlı tarixi bədii-sənədli filminin qalası keçirildi.

Fins.az xəbər verir ki, mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC, “Şahdağfilm”, qardaş Türkiyənin “İkinciYeniFilm”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə səyi ilə ərsəyə gələn bu filmdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş qismində yer alıb.

Orta əsrlərdə yaşamış türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsindən bəhs edən film izləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı.

Ekran əsərinin nümayişindən sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub. Səhnədə çıxış edən şəxslər əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, filmin quruluşçu rejissoru özünün uğurlu işləri ilə tanınan Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüserlər eyni ilə İlqar Mehti, Sərvər Bayramov və qardaş Türkiyədən “İkinciYeniFimi” təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur. 

Orta əsr Azərbaycan tarixinin ən parlaq dövrlərini canlandıran bədii-sənədli filmdə, dünya şöhrətli döyüşçü Zabit Səmədov Şəmsəddin Eldəniz , İlqar Mehti isə Qara Sunqur obrazını canlandırıb. 

Digər əsas rollarda isə xalq artisti Mehriban Zəki (Möminə Xatun), əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir Əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və ölkəmizin digər  dəyərli sənətçiləri yer alır.

 Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb. 

Nəzərinizə çatdıraq ki, film 5 dekabr tarixindən kinoteatrlarda nümayiş olunacaq.