SOSİUM

03 Yanvar

Sosial paket: 3 milyon insanı əhatə edəcək, minimum pensiya və əməkhaqqı artırılacaq

Şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə və müharibə iştirakçılarına qayğı və diqqət 2025-ci ildə də davam edəcək.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin ötən il keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, 2025-ci il minimum pensiya və minimum əməkhaqqının artırılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır: “Ümumilikdə sosial paket 3 milyon insanı əhatə edəcək. Ötən illər ərzində ölkəmizdə sosial və iqtisadi siyasət uzlaşdırılıb. Bunun nəticəsidir ki, 2003-2023-cü illər ərzində dövlət büdcəsi xərclərinin təxminən 30 dəfə artması fonunda Azərbaycanda yoxsulluq səviyyəsi 44,7%-dən 5,2%-ə enib. Dövlət büdcəsi iqtisadi strategiyanın icrasına maliyyə təminatı yaradır. Postmüharibə dövründə Şərqi Zəngəzur və Qarabağda bərpa və quruculuq işləri prioritetlərdəndir. Bu istiqamətə 4 milyard manat vəsait nəzərdə tutulub. 2025-ci ilin dövlət büdcəsi artım dinamikasına malik büdcədir. 2025-ci il üçün proqnozlaşdırılan büdcə xərcləri 2003-cü illə müqayisədə 34 dəfə çoxdur. Xatırladaq ki, Vətən müharibəsində təkcə ordumuz döyüşmürdü, döyüşən həm də büdcəmiz, iqtisadiyyatımız idi. Azərbaycanın 2025-ci il üçün proqnozlaşdırılan sosial büdcəsi Ermənistanın 2025-ci il üçün proqnozlaşdırdığı büdcə gəlirlərini 30-50% üstələyir.”