SOSİUM

21 Noyabr

Özünüməşğulluq və peşə hazırlığına ayrılacaq vəsait artırılacaq

2025-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 22,7 milyon manat, yaxud 9,5% çoxdur.

Fins.az xəbər verir ki, bunu Milli Məclisdə iki komitənin birgə iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 206,3 milyon manatı, yaxud 79,1%-i işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2024-cü ilin təsdiq edilmiş müvafiq göstəricisindən 21,7 milyon manat və ya 11,7% çoxdur. "Gəlirlərin 54,3 milyon manatı, yaxud 20,8%-i isə İşsizlikdən Sığorta Fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatı hesabına olacaqdır. Sığorta haqları üzrə yığımın 75,9%-i (və ya 156,56 milyon manatı) qeyri-büdcə sektorunun payına düşəcəkdir."

Gələn ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 13 istiqaməti əhatə edəcəkdir. Xərclərin 29,5%-i özünüməşğulluq tədbirlərinin, 13,4%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldilməklə, ümumilikdə isə 55% vəsait aktiv məşğulluq tədbirləri istiqaməti üçün nəzərdə tutulub. Cari ilin təsdiqlənmiş büdcə layihəsi ilə müqayisədə 2025-ci ildə işsizliyə görə sığorta ödənişləri xərclərinin 2 milyon manat, yaxud 13,3%, özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin 4 milyon manat, yaxud 5% artırılması nəzərdə tutulur.

Peşə hazırlığının təşkili xərcləri, həmçinin sosial iş yerlərində işçilərin əməkhaqlarının bir hissəsinin maliyyələşdirilməsi xərcləri, habelə digər aktiv tədbirlər üçün xərclər cari il ilə eyni səviyyədə qalır. 2025-ci ildə İSF hesabına 8 min nəfərin (DB əlavə olaraq, 1,5 min) özünüməşğulluq proqramına qoşulması nəzərdə tutulur. Bununla da 2017-ci ildən 2025-ci il daxil olmaqla özünüməşğulluq proqramı ilə əhatə olunacaq şəxslərin sayı 100 min nəfər olacaqdır. Növbəti il üçün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə 9 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi 2025-ci ildə sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə, özünüməşğulluq, peşə hazırlığı və peşəyönümü tədbirlərinin keçirilməsi, haqqı ödənilən ictimai işlərin təşkili və digər aktiv məşğulluq tədbirlərinin maliyyələşməsi üçün optimal əsaslar yarada biləcəkdir.
 

Fuad Mədətov
Fins.az