SOSİUM

20 Noyabr

Əcnəbilər və vətəndaşlığı olmayanlara tibbi xidmətlərə görə ƏDV geri qaytarılacaq

Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ƏDV-nin tax-free rejimində geri qaytarılması təklif edilir.

Fins.az-ın xəbərinə görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin geri qaytarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Bəzi xarici ölkələrdə tibb xidmətləri üzrə ölkə daxilində ƏDV-dən azad olma, əcnəbi şəxslərə münasibətdə isə ƏDV-dən azad olma, sıfır dərəcə və ya differensial dərəcə tətbiq edilir, həmçinin ƏDV-nin geri qaytarılması (cashback) mexanizmi mövcuddur.

Ölkə daxili və xarici ölkələrin təcrübələri araşdırıldıqdan sonra tibb turizminin inkişafını və ölkəyə valyuta axınını stimullaşdırmaq məqsədilə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə ƏDV tax-free rejiminin tətbiqi təklif edilir.

Bu qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Fuad Mədətov
Fins.az