SOSİUM

20 Noyabr

Özünüməşğulluq proqramı 5 dəfə artırılıb - Sahil Babayev

Bu il artıq 40 min şəxsə əlillik təyin olunub. Bunun yarısı ilkin əlillikdir.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu il artıq 40 min şəxsə əlillik təyin olunub, bunun yarısı ilkin əlillikdir.

O qeyd edib ki, reabilitasiya təyin olunan xəstələrdə əlillik müddətli təyin olunur:

“Müddət bitəndə vətəndaşlar yenidən müraciət etməlidir. Vətəndaşlar yerlərdə tibb müəssisələrinə müraciət edirlər. Tibb müəssisələri analizlər götürür, uyğun bilirsə, ona forma verir. Uyğun bilmirsə, vermir, yəni imtinanı tibb müəssisələri verir. Yerlərdə bizim nazirliyimiz əlilliklə bağlı qiymətləndirmə aparmır.

Qanunla nəzərdə tutulmayan halda heç kimə əlillik təyin edilmir. Kimin haqqıdırsa, ona da əlillik təyinatı aparılır. 207 mindən çox saxta əlillik təyinatı ilə bağlı dövlət vəsaitini mənimsəmək faktının qarşısı alınıb.”

Nazir əlavə edib ki, özünüməşğulluq proqramı son altı il ərzində 5 dəfə artırılıb.

“Hər il 15-16 min ailə bu proqramla əhatə olunur. Onun da yarısı İşsizlikdən Sığorta Fondu, yarısı isə Dünya Bankının maliyyəsi hesabına maliyyələşir. Növbəti il üçün 100 min ailənin özünüməşğulluq proqramına cəlbi nəzərdə tutulur. Bundan başqa, 16 min şəhid ailəsinə mənzil, 7 mindən çox müharibə əlillərinə isə avtomobil təqdim olunub", - deyə nazir bildirib.

Peşə hazırlığı məsələsinə də toxunan Sahil Babayev vurğulayıb ki, keçən il 9 min müdavim, bu il isə 15 min müdavim peşə hazırlığına cəlb olunub:

“İxtisaslı peşə və səriştəli şəxslərin əmək bazarına cəlb olunması əsas məqsəddir. Biliyi olmayan və tələblərə cavab verməyən çoxlu sayda insan əmək bazarına daxil olur və onların təkrar biliyə yiyələnməsi üçün lazımi addımlar atılır.”