SOSİUM

14 Noyabr

COP tarixində ilk dəfə Rəqəmsallaşma Günü təşkil olunacaq

16 noyabr COP29-da Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günü olacaq.

Bu barədə Fins.az-a RİNN-dən məlumat verilib.

COP tarixində Rəqəmsallaşma Gününün təşkili ilk dəfədir. Bu, rəqəmsal inkişaf yolu seçmiş, müasir innovasiya məkanının formalaşdırılmasını milli prioritet elan etmiş Azərbaycanın – COP29 Sədrliyinin təşəbbüsü ilə proqrama daxil edilib.

Rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynayır. Lakin onun enerji istehlakı və elektron tullantılar kimi mənfi tərəfləri də var.

İlk Rəqəmsallaşma Günü texnologiyaların ətraf mühitə təsirlərini yumşaltmaqla tərəfləri davamlı rəqəmsal transformasiya üçün birgə fəaliyyətə təşviq edəcək.

Yaşıl Rəqəmsal Fəaliyyət

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 Sədrliyi və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə birgə təşkil edəcək.

Tədbirdə rəqəmsal texnologiyaların iqlim fəaliyyətini necə dəyişdirə biləcəyi araşdırılacaq.

Dəyirmi masada rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası, rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və uyğunlaşmanın gücləndirilməsi, rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması məsələləri müzakirə olunacaq.

Eyni zamanda davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi, rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması barədə fikir mübadiləsi aparılacaq.

Dəyirmi masanın yekununda Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunacaq. Bəyannamə iqlim dəyişikliyini nəzərə alaraq rəqəmsallaşmanın sürətləndirilməsi, İKT sektorunda emissiyaların azaldılması və yaşıl rəqəmsal texnologiyalara çıxışın artırılmasını nəzərdə tutur.

Sənəd dövlətlər, sahə üzrə fəaliyyət göstərən təşkilatlar, şirkətlər, assosiasiyalar, vətəndaş cəmiyyəti üzvləri və akademik təsisatlar üçün açıqdır. Maraqlı tərəflər Bəyannaməyə qoşulmaq üçün [email protected] e-poçt ünvanına müraciət edə bilərlər.

Zemfira Ms
Fins.az