SOSİUM

11 Noyabr

Bu gün Bakıda COP29 işə başlayır

Fins.az - Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu gün Bakıda işə başlayır.

Noyabrın 11-22-də Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur. Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında “Ev Sahibi Ölkə Sazişi” və digər mühüm sənədlər imzalanıb.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb. Bununla yanaşı, təşəbbüslərdən biri kimi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulur.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Azərbaycan ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə mühüm işlər görür. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası üzrə yekdil qərarla ölkəmizin ev sahibi seçilməsi bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu, beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmətinin və etimadının göstəricisidir.