Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Meksika İqlim Təşəbbüsü tərəfindən təşkil edilən “İqlim fəaliyyəti üçün PreCOP29 görüşü” adlı tədbirdə ölkəmizin COP29-a ev sahibliyi mövzusu ilə məruzəçi kimi çıxış edib.
Fins.az xəbər verir ki, Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, öz çıxışında səfir ölkəmizin bir neçə gün sonra baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər tədbirə ev sahibi seçilməsini məmnunluqla xatırladıb. Bunun bəşəriyyətin ən mühüm problemlərdən biri olan iqlim dəyişikliyi ilə bağlı milli, regional və qlobal səviyyədə mübarizə səylərində Azərbaycanın liderliyinin bariz nümunəsi olduğunu bildirib.
Azərbaycan yaşıl inkişafı əsas inkişaf prioritetinə çevirdiyini bildirən diplomat cari ilin “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edildiyini, bu gün Azərbaycanın yaşıl enerjiyə keçiddə regional lider olduğunu, son illərdə ölkə daxilində yaşıl layihələrə üstünlük verildiyini, azad edilmiş ərazilərdə ağıllı şəhərlər və kəndlər yaradılması istiqamətində böyük işlər görüldüyünü, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının, habelə Naxçıvan Muxtar Respublikasının 2050-ci ilə qədər xalis sıfır emissiya zonaları olacağını, 2030-cu ilə qədər isə ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının ən azı 30 %-ə çatdırılacağını vurğulayıb.
Habelə, iqlim dəyişikliyinin nə dərəcədə aktual və vacib məsələ olduğunu, iqlim dəyişikliyinin heç bir sərhəd tanımadığını, bütün ölkələrə təsir göstərdiyini xatırladaraq bu qlobal problemin effektiv həlli üçün beynəlxalq əməkdaşlığın zəruriliyindən söz açıb. COP29 sədrliyi çərçivəsində ölkəmiz tərəfindən irəli sürülən bir sıra təşəbbüslərdən bəhs edən səfir, bu təşəbbüslərin əsas məqsədinin iqlim fəaliyyətini irəlilətmək, maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişikliklərinə qarşı mübarizə ilə bağlı ambisiyaları artırmaq, bu mövzu üzrə fəaliyyətə təkan vermək olduğunu vurğulayıb. Bu xüsusda həm hökumət, həm də qeyri-hökumət təşkilatlarını COP29 sədrliyi tərəfindən irəli sürülmüş bu qlobal təşəbbüslərə qoşulmağa çağırış edib.
* * *
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd M.Xan Azərbaycanın İƏT yanında daimi nümayəndəsi, səfir Əli Əlizadə ilə görüşüb.
Bu barədə Fins.az İƏT-ə istinadən məlumat verib.
Azərbaycanın Katibliyə dəstəyini və İƏT gündəliyinin təşviqində fəal rolunu yüksək qiymətləndirərək, təşkilatın baş katibi səfir Əli Əlizadəni Nyu-York, Aşqabad və Daşkənddə üzv dövlətlərin nazirləri ilə keçirdiyi son görüşlər barədə məlumatlandırıb.
Görüşdə həmçinin İƏT-in COP29-da iştirakı, eləcə də tədbir çərçivəsində İƏT-in təşkil etdiyi tədbirlər, o cümlədən Dairəvi İqtisadiyyat üzrə Nazirlər Toplantısı, İƏT Nazirlərinin Ətraf Mühit üzrə Görüşü və İƏT Təmiz Enerji Mərkəzinin açılış mərasimi müzakirə edilib.
* * *
Bu il Qırğızıstan ilk dəfə olaraq COP29-da öz pavilyonunu təqdim edəcək. Bu isə ölkənin nailiyyətlərini daha geniş şəkildə nümayiş etdirmək və beynəlxalq tərəfdaşlarla görüşmək imkanı verəcək.
Fins.az xəbər verir ki, bunu Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyev ABŞ-ın Qırğızıstandakı səfiri Lesli Viqeri ilə görüşdə deyib.
Söhbət zamanı iqlim dəyişikliyi və noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək qarşıdan gələn COP29-da hər iki ölkənin iştirakı məsələlərinə toxunulub.
Səfir öz növbəsində qeyd edib ki, ekoloji problemlər və iqlim dəyişikliyi qlobal səviyyədə getdikcə aktuallaşır.
Tərəflər əməkdaşlığı gücləndirməyə qarşılıqlı hazır olduqlarını bildirib və qarşıdan gələn tədbirlə bağlı planlarını bölüşüblər.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
* * *
Noyabrın 16-da Bakıda COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa keçiriləcək.
Tədbirdə rəqəmsal texnologiyaların iqlim dəyişikliyi ilə mübarizədə fəaliyyəti necə dəyişdirə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Dəyirmi masanın təşkilatçıları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti və Beynəlxalq Telekommunikasiya İttifaqıdır (ITU).
Tədbirlə bağlı ətraflı məlumatla linkdə tanış ola bilərsiniz.
* * *
COP29 tədbiri ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi konfrans keçirilən dövrdə təbii qaz təchizatı ilə bağlı xidmətin yüksək səviyyədə təşkilinin təmin edilməsi, bu istiqamətdə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə gücləndirilmiş iş rejiminə keçib.
Fins.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, sessiya keçirilməsi planlaşdırılan ərazilərdə yerləşən istilik qazanxanalarının və digər obyektlərin qaz təchizatının fasiləsiz, təhlükəsiz təmin edilməsi, yeraltı və yerüstü qaz xətlərinə, eləcə də qaz avadanlıqlarına nəzarətin gücləndirilməsi məqsədi ilə cari ayın 1-dən etibarən ayın sonunadək "Azəriqaz"ın İdarəetmə aparatında, Bakı Regional Qazın İstismarı və Bakı Regional Qazın Satışı Departamentlərində, habelə Regional qaz istismarı İdarələrində və Sumqayıt qaz istismarı Sahəsində rəhbər və məsul işçilərdən ibarət növbətçilik təşkil edilib.
Sessiya keçiriləcək müddətdə qaz şəbəkəsində qazın təzyiqinin sutkalıq rejimin tələbatına uyğun saxlanılması, mənzillərdə və ictimai-iaşə obyektlərində qaz xətlərinə, qaz avadanlıqlarına növbədənkənar texniki baxışların keçirilməsi üçün gücləndirilmiş iş rejimində tədbirlərin görülməsi təmin edilir.
* * *
Azərbaycanın “yaşıl enerji keçidi” planları kontekstində nüvə enerjisindən istifadə imkanlarının araşdırılması istiqamətində Energetika Nazirliyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“Romada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Grossi ilə məhsuldar görüşümüz oldu.
Azərbaycanın Yaşıl Enerji Keçidi planları kontekstində nüvə enerjisindən istifadə imkanlarının araşdırılması istiqamətində Energetika Nazirliyi ilə AEBA arasında əməkdaşlıq məsələlərini müzakirə etdik.
Həmçinin COP29 çərçivəsində “Aşağı Karbon Texnologiyalarının, o cümlədən Nüvə Enerjisinin Maliyyələşdirilməsi” tədbirinin keçirilməsinə dair fikirlərimizi bölüşdük”, - deyə paylaşımda qeyd olunub.