SOSİUM

06 Noyabr

COP29:Bakının COP29-a hazırlıqları və enerji təşəbbüsləri təqdim olunur

Bakıda keçiriləcək COP29 tədbiri ərəfəsində "Euronews" telekanalı Azərbaycanın genişmiqyaslı hazırlıqları və bu əsas iqlim konfransına ev sahibliyi etməyin əhəmiyyəti haqqında reportaj hazırlayıb.

Fins.az xəbər verir ki, reportajda qeyd edilir ki, 40 mindən çox nümayəndə və dünya liderlərinin kritik iqlim maliyyəsi və emissiyaların azaldılması problemlərini müzakirə etmək üçün bir araya gələcəyi konfrans üçün 112 min kvadratmetrlik xüsusi sahə yaradılıb.

"Azərbaycan üçün COP29 iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini vurğulayır və ölkənin turizm məkanı kimi artan cəlbediciliyini nümayiş etdirir", - deyə reportajda bildirilir.

* * *

Noyabrın 5-də Fövqəladə Hallar Nazirliyində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a aidiyyəti üzrə hazırlıq məsələlərinin müzakirəsi məqsədilə növbəti müşavirə keçirilib.

FHN-dən Fins.az-a verilən məlumata görə, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçirilən müşavirədə nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin növbəti tarixi uğuru olaraq beynəlxalq ictimaiyyət tərəfindən keçirilməsi Bakıya etibar edilmiş COP29-un əhəmiyyətindən danışıb, mötəbər tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.

Bu çərçivədə Fövqəladə Hallar Nazirliyinin üzərinə düşən vəzifələri bir daha vurğulayan nazir bununla bağlı işlərin ardıcıl olaraq planlı şəkildə yerinə yetirildiyini qeyd edib.

Sonra müşavirədə COP29-a hazırlıqla əlaqədar Fövqəladə Hallar Nazirliyində yaradılmış Qərargahın üzvlərinin Nazirlikdə təsdiq olunmuş Tədbirlər Planı üzrə sonuncu müşavirədən keçən dövr ərzində görülmüş işlərlə əlaqədar geniş məruzələri dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

Müşavirəyə yekun vuran nazir Kəmaləddin Heydərov tədbirlə bağlı Nazirlik qarşısında duran vəzifələrin yüksək səviyyədə icra ediləcəyinə bir daha əminliyini bildirib, müvafiq tapşırıqlar verib.

* * *

COP29 Azərbaycan Sədrliyinin enerji təşəbbüslərinin təşviqi məqsədilə 5 noyabr tarixində energetika nazirinin müavini Orxan Zeynalovun iştirakı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Konvensiyasına (UNFCCC) tərəf ölkələrlə virtual məlumatlandırma sessiyaları keçirilib.

Fins.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO), Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) və Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean Ölkələri üçün İqtisadi və Sosial Komissiyası (UN ESCAP), Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə birgə keçirilmiş virtual brifinqlərin məqsədi COP29 enerji təşəbbüsləri – Yaşıl Enerji Vədi: Yaşıl Enerji Zonaları və Dəhlizlər, Qlobal Saxlanc və Şəbəkələr Vədi və COP29 Hidrogen Bəyannaməsi barədə ölkələrə ətraflı məlumat verilməsi, təşəbbüslərə qoşulma və onları dəstəkləmə yolları barədə müzakirələr aparmaq olub.

Gün ərzində keçirilmiş 2 sessiyada dövlət, özəl sektor, beynəlxalq təşkilatlar, maliyyə institutları təmsilçilərindən ibarət 200-dən çox nümayəndə iştirak edib.

* * *

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında “Yaşıl dünya naminə həmrəylik ili” və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş tədbirlər keçirilib.

Bu barədə Fins.az-a Xidmətdən məlumat veriıib.

Bildirilib ki, qoruqlarda həyata keçirilən ağacəkmə aksiyaları, ekskursiyalar, intellektual yarışlar və maarifləndirici tədbirlərdə ətraf mühitin və yaşıllıqların qorunması, tarixi abidələrin təbliği və mühafizəsindən danışılıb.

İqlim dəyişikliyinin tarixi abidələrə və tullantıların ekosistemə mənfi təsirlərinin azaldılması, ekoloji maarifləndirmə kimi mövzulardan bəhs olunub.

* * *

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçiriləcək tədbirlərin proqramı açıqlanıb.

Fins.az xəbər verir ki, bu barədə COP29-un rəsmi saytı məlumat yayıb.

Qeyd edilib ki, proqram iqlim fəaliyyəti, davamlılıq və qlobal tərəfdaşlıq kimi mövzularda müxtəlif sessiyalar, seminarlar və əsas çıxışları əhatə edir.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.