Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransına müxtəlif ölkələrdən qatılacaq nümayəndə heyətlərinin qeydiyyat prosesi uğurla davam edir.
Fins.az xəbər verir ki, cari tarixə olan məlumata əsasən, COP29-da iştirak üçün müvafiq qeydiyyat prosesindən keçən iştirakçıların sayı 32 000 nəfəri keçib. Qeyd edək ki, beynəlxalq iqlim konfransında iştirakla bağlı qeydiyyat prosesinə bu ilin 24 iyun tarixindən etibarən başlanılıb. Dünyanın müxtəlif ölkələrindən konfransda iştiraka dair göstərilən maraq qeydiyyatdan keçənlərin sayının da günbəgün artımı ilə müşaiyət edilir.
COP tədbirlərinə xas olan əksər deleqasiyaların tədbirə daha yaxın tarixlərdə qeydiyyat üçün müraciət etmə tendensiyası nəzərə alınaraq, davam edən qeydiyyat prosesi ərzində bu rəqəmlərin yaxın həftələrdə daha da artması gözlənilir.
Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı beynəlxalq iqlim siyasətinin formalaşmasında əsas platforma olaraq, dünya miqyasında iqlim dəyişmələrinə qarşı mübarizə məsələlərinin müzakirə mərkəzi olacaq. Dünyanın bir sıra ölkələrindən bu müzakirələrdə iştirak etmək üçün onminlərlə nümayəndənin Bakıda qarşılanması üçün yekun hazırlıq işləri davam etdirilir.
* * *
COP29 çərçivəsində iki panel məhz multikulturalizm məsələlərinə həsr olunacaq.
Fins.az-ın xəbərinə görə, bu barədə mətbuata açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov məlumat verib.
O vurğulayıb ki, multikulturalizm Azərbaycanda dövlət siyasətinin ən önəmli istiqamətlərindən biridir.
"Noyabrın 5-dən 7-dək PreCOP tədbiri olaraq Qafqaz Müsəlmanları İdarəsi tərəfindən dünya dini liderlərinin sammiti təşkil ediləcək. Tədbirdə bu sahədə tanınmış 200-ə yaxın din xadimi, alim iştirak edəcək. Onların Qarabağa səfəri də nəzərdə tutulub.
Noyabrın 13-də ayrıca panel təşkil olacaq. Burada da Azərbaycanın tolerantlıq, multikulturalizm dəyərlərindən bəhs olunacaq, nəşr sərgilərində mərkəzin kitabları, eləcə də filmlər nümayiş ediləcək".
Rəvan Həsənov bildirib ki, COP29 kimi mötəbər tədbirdə Azərbaycanın multikultural dəyərlərinin təbliği əhəmiyyətlidir: “Biz fürsətdən istifadə edərək öz multikultural və tolerant dəyərlərimizi gələn xarici qonaqlara təqdim edəcəyik".
* * *
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına hazırlıq çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti Dövlət Turizm Agentliyi və Azərbaycan Hotel Assosiasiyası ilə birgə dayanıqlılıq səriştələrinin artırılması istiqamətində müvafiq addımların atılmasını davam etdirir. Belə ki, ölkəmizdə fəaliyyət göstərən hotellər müvafiq təlimlərə cəlb olunub.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən bildirilib ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlanmış Dayanıqlılıq Təlimatları əsasında tərtib olunmuş və Əməliyyat Şirkətinin müvafiq departamentlərinin mütəxəssisləri tərəfindən keçirilən təlimlər yerli hotel sektorunun dayanıqlılıq sahəsində potensialının artırılmasına və beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlib. Keçirilən təlimlər Bakı, Abşeron və Sumqayıt ərazilərində fəaliyyət göstərən hotelləri əhatə edib. Təlimlərin məqsədi qonaqpərvərlik sektorunda əməliyyatların düzgün icrasına, yerli hotellərin yüksək təhlükəsizlik standartlarına, eləcə də inklüzivlik və müyəssərlik prinsiplərinə uyğun fəaliyyətinin təşkildə dəstəkdir.
Qeyd edək ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin hotel və qonaqlama sektoru üzrə hazırladığı Dayanıqlılıq Təlimatları özündə ən qabaqcıl beynəlxalq təcrübələri birləşdirir. Bu sənəd resursların məsuliyyətli idarə olunmasını təşviq etmək, yerli iqtisadiyyatı dəstəkləmək və inklüzivliyi təmin etmək, bununla da müsbət ekoloji, sosial və iqtisadi nəticələrə nail olmaq kimi məsələləri ehtiva edir. Təlimatda inklüzivliyin təmin olunması məqsədilə hotelin girişdən başlamış otaqlar da daxil olmaqla bütün infrastrukturunun və xidmətlərin bütün qonaqlar üçün müyəssər və əlçatan olması əsas prioritetlərdən biri kimi qeyd edilir.
Təlimat həmçinin daşınma-nəqliyyat sahəsində karbon emissiyasını azaltmaq üçün yerli biznes və təchizatçılarla əməkdaşlığı təşviq edir, bu çərçivədə enerji istehlakına qənaət etmək üçün müvafiq infrastruktur və təcrübələrin tətbiqini tövsiyə edir. Bundan əlavə, müvafiq sənəd karbon ayaq izinin azalması istiqamətində müvafiq tövsiyələr, su kimi qiymətli resursu qorumaq üçün qənaətcil qurğu və texnoloji innovasiyaların tətbiqini, həmçinin plastik də daxil olmaqla müxtəlif tullantıların yaranmasının minimuma endirilməsini və təkrar emal prosesində səmərəli idarəetmə sisteminin inkişafını nəzərdə tutur.
* * *
COP29 Azərbaycan Əməliyyat Şirkəti tədbirin bütün aspektləri üzrə dayanıqlılığın təşviqi və ətraf mühitə təsirlərin minimuma endirilməsi öhdəliyinin bir hissəsi kimi konfrans məkanında dayanıqlı enerji həllərini tətbiq edəcək.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin məlumatına görə, bu məqsədlə beynəlxalq iqlim konfransının keçiriləcəyi məkan Bakı Stadionunun mühüm enerji təchizatı hidratlaşdırılmış bitki yağı (HVO) hesabına qarşılanacaq.
Qeyd edilib ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 konfransını 7 əsas öhdəliyi özündə ehtiva edən dayanıqlılıq siyasətinə əsaslanaraq təşkil edir. Bu öhdəliklərin ən başlıcası bərpa olunan enerji istifadəsi, enerji səmərəliliyi və qaçılmaz emissiyaların balanlaşdırması yolu ilə istixana qaz (İXQ) emissiyalarını azaldaraq karbon neytrallığı konsepsiyasına nail olmaqdır. Birdəfəlik plastiklərin azaldılması, dayanıqlı nəqliyyat xidmətləri və ekoloji cəhətdən təmiz satış məhsullarının təchizatı kimi dayanıqlı təcrübələrin təşviqi dayanıqlılıq siyasətinə əsasən ikinci əsas öhdəlikdir.
Bu iki istiqamətin əsasını təşkil edən prioritet təşəbbüslərdən biri də konfrans məkanının əksər hissələrinin enerji təchizatı üçün qazıntı yanacağına alternativ olaraq hidratlaşdırılmış bitki yağının (HVO) seçimi və istifadəsidir. Bu təşəbbüs konfrans məkanında enerjidən istifadə nəticəsində yaranan İXQ emissiyalarını əhəmiyyətli dərəcədə azaldılması məqsədi daşıyır.
Hidratlaşdırılmış bitki yağı (HVO) aşağı karbonlu yanacaq mənbəyidir və onun yanması zamanı yaranan karbon emissiyaları bu yağı hazırlamaq üçün istifadə olunan bitkilərin udduğu karbonla kompensasiya olunur. Bu isə HVO-nu ənənəvi qazıntı yanacaqdan daha dayanıqlı alternativə çevirir. Bundan əlavə, HVO tədbir məkanlarında və ətrafda havanın keyfiyyətini yaxşılaşdıraraq bərk hissəciklər, azot oksidləri və kükürd oksidləri kimi zərərli tullantıları əhəmiyyətli dərəcədə azaldır. HVO ilə yanaşı, tədbir məkanın bütün digər enerji ehtiyacları konfrans tarixləri ərzində bərpa olunan enerji mənbələrindən təmin edəcək.
Qeyd edilib ki, bu innovativ təşəbbüs COP29 Enerji keçidi üzrə Tərəfdaş - “SOCAR Green” şirkətinin dəstəyi ilə reallaşacaq. Sözügedən şirkət tədbir məkanını elektrik enerjisi ilə təmin etmək üçün lazımi HVO həcmlərinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu fakt Azərbaycanın daha dayanıqlı və aşağı karbonlu enerji gələcəyinə keçidlə bağlı böyük hədəflərini əks etdirir.
COP29 Azərbaycan ƏŞ əmindir ki, bu yanaşma digər beynəlxalq tədbirlərə də nümunə olacaq və tədbirin həm dayanıqlı, həm də karbon neytral olması üzrə öhdəliyini daha da gücləndirəcəkdir.