SOSİUM

22 Oktyabr

Azərbaycanda qatarların hərəkət tezliyi artırılacaq

Azərbaycanda 2030-cu ilə qədər yükdaşıma həcmini illik 30 milyon tona çatdırmaq məqsədi qoyulub.

Fins.az xəbər verir ki, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Anar Qasımov "Azərbaycanda Dəmir Yolu Texnologiyalarında İnnovasiyalar: Alman şirkətləri üçün tərəfdaşlıq və imkanlar" mövzusunda keçirilən tədbirdə bildirib.

O, vurğulayıb ki, artıq əhəmiyyətli irəliləyiş əldə olunub və bu il dəmir yolunun Azərbaycan ÜDM-dəki payı 5,4%-dən 7%-ə yüksəlib. Qasımov qeyd edib ki, dəmir yolları ətraf mühitə ən az təsir edən nəqliyyat növlərindən biridir və bu, dayanıqlı inkişafın diqqət mərkəzində olduğu COP29 ərəfəsində xüsusi əhəmiyyət daşıyır.

Ölkənin coğrafi mövqeyi Azərbaycanı Şimal-Cənub və Şərq-Qərb qlobal nəqliyyat dəhlizlərində açar mövqeyə çevirir. Qasımov əlavə edib ki, Azərbaycan keçən il 18-19 milyon ton yük daşımaqla rekord göstəriciyə nail olub və 2030-cu ilə qədər bu rəqəmi 30 milyon tona çatdırmaq niyyətindədir.

Qeyd edək ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası bu yaxınlarda 21-25 oktyabr 2024-cü il tarixlərində Almaniyadan iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərini təşkil edəcək.