Noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-a hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə gecə saatlarında keçirilən monitorinqlər uğurla yekunlaşdırılıb.
Fins.az xəbər verir ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən bildirilib ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilən monitorinq tədbirləri çərçivəsində oktyabrın 20-də saat 02:30-dan 04:00-dək paytaxtın mərkəzində qonaqların yerləşməsi üçün nəzərdə tutulmuş müxtəlif qonaqlama məkanları, Heydər Əliyev Beynəlxalq Aeroportu və tədbir məkanı istiqamətlərində müvafiq nəqliyyat vasitələrinin hərəkəti test edilib.
* * *
Bakıda 2024-cü ilin noyabrında keçiriləcək COP29 iqlim konfransına hazırlıq çərçivəsində nəqliyyatın fasiləsiz və təhlükəsiz şəkildə təşkili üçün görülən tədbirlər davam edir. Monitorinqlər zamanı paytaxtın mərkəzi bölgələrində və əsas marşrutlarda xüsusi nəqliyyat vasitələrinin hərəkəti sınaqdan keçirilib.
Fins.az xəbərverir ki, oktyabrın 19-da saat 11:00-dan 15:30-dək aparılan yoxlamalar zamanı Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Beynəlxalq Aeroportu və konfrans iştirakçıları üçün nəzərdə tutulmuş qonaqlama məkanlarına hərəkət test edilib. Bu monitorinqlər, Azərbaycan Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə həyata keçirilib. 20-dən çox avtomobil və 15 avtobus cəlb edilib, hər hansı yol məhdudiyyəti tətbiq edilməyib.
Monitorinqlər zamanı əsas məqsəd COP29 zamanı xüsusi nəqliyyat vasitələrinin hərəkət sxemlərinin sınaqdan keçirilməsi və yollarda yaranacaq potensial intensivliyi idarə etməyə hazırlıq səviyyəsinin artırılması olub. Prosesdə 350-yə yaxın COP29 könüllüsü də iştirak edib.
Monitorinqlərin növbəti mərhələsi 20 oktyabr gecəsi, 02:30-dan 04:30-dək həyata keçiriləcək, bu zaman yollarda qismən məhdudiyyətlər olacaq. Tədbir məkanları, hotellər və aeroport istiqamətlərində avtobus, taksi və xüsusi xidmət avtomobillərinin simulyasiyaları davam edəcək.
* * *
Oktyabrın 19-da COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən COP29 Uniformaların Paylanılması və Akkreditasiya Mərkəzinin açılış mərasimi keçirilib.
Fins.az xəbər verir ki, COP29 Uniformaların Paylanılması və Akkreditasiya Mərkəzinin açılışında COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova, COP29 Azərbaycan Əməliyyat Şirkətinin Aparat rəhbəri Hikmət Mustafayev iştirak edib, Uniforma Paylanılması və Akkreditasiya Mərkəzində yaradılan şəraitlə tanış olub, akkreditasiya və uniforma paylama prosesinin başlanmasını izləyiblər.
COP29 konfransının təşkilinə cəlb edilmiş işçi qüvvə, könüllülər, podratçı şirkətin nümayəndələri də daxil olmaqla ümumilikdə 10 000 nəfərə yaxın əməkdaşa xidmət göstərəcək Mərkəz təyinata uyğun uniformaların və COP29 konfrans məkanı olan Bakı Stadionuna giriş imkanını əldə etmək üçün akkreditasiyaların səmərəli və sistemləşdirilmiş şəkildə təhvil-təslimini icra etməyə imkan yaradacaq.
Qeyd edək ki, COP29 işçi qüvvəsinin istifadəsi üçün nəzərdə tutulan uniforma geyimləri dayanıqlılıq prinsiplərinə uyğun olaraq hazırlanıb. Belə ki, geyim dəstləri və onun müxtəlif elementləri ekoloji cəhətdən təmiz və təkrar emal edilə bilən materiallardan hazırlanmışdır. Bundan əlavə, COP29 tədbir əməliyyatlarının xalis sıfır emissiya prinsipinə müvafiq olaraq uniformalar yerli tərəfdaş tərəfindən təmin olunmuşdur.
Milli Gimnastika Arenasında yerləşən COP29 Uniformaların Paylanılması və Akkreditasiya Mərkəzi həftənin 6 günü, saat 10:00-18:00-a qədər xidmət göstərəcək.
* * *
COP29-a hazırlıq çərçivəsində Bakı Olimpiya Stadionuna media-tur təşkil olunub.
Fins.az xəbər verir ki, media-tur zamanı Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov jurnalistlərə bildirib ki, digər zallarla yanaşı, stadionda 1 600 və 1 300 yerlik iki böyük zal olacaq.
Onun sözlərinə görə, ən böyük zallardan biri "Nizami" zalıdır.
A.Ələkbərov qeyd edib ki, noyabrın 11-də böyük zalda tədbirin açılışı olacaq, daha sonra isə liderlərin zirvə görüşü baş tutacaq.
O əlavə edib ki, əsas tədbirlər də bu zallarda keçiriləcək.
Media nümayəndələri ərazidə yaradılan infrastruktur və obyektlər, iştirakçıların qeydiyyat prosesi və digər istiqamətlərdə görülən işlərlə yaxından tanış olublar.
COP29-un "Yaşıl" və "Mavi" zonalarında görülmüş işlər barədə ətraflı məlumat verilib.
COP29 Məkanının idarə olunması departamentinin direktoru Turan Süleymanov jurnalistlərə açıqlamasında bildirib ki, "Mavi Zonada" artıq yekunlaşdırma işləri görülür.
"Bu zona bir neçə hissədən ibarətdir. Bu zonada 26 görüş otağı mövcuddur, yan tədbirlər üçün isə 9 görüş otağı ayrılıb. İşitrakçılar burada öz görüşlərini həyata keçirə bilər. Onlar üçün hər bir maddi-texniki avadanlıqlar təmin edilib. Xüsusi ərazilərdən biri də pavilyonlar zonasıdır ki, orada 155 pavilyon olması planlaşdırılır", - deyə o bildirib.
"Yaşıl Zona" barədə danışan COP29 Tərəfdaşlarla əlaqələr sektorunun müdiri Leyla Mahmudova qeyd edib ki, bu zona üzrə əməliyyatlar davam etdirilir.
"Tentin ümumi ərazisi 37 500 kvadrat metrdir. Bu ərazidə pavilyonlar yerləşəcək. Bunlar həm yerli, xarici şirkətləri, həm də dövlət sektorlarını əhatə edəcək. Bundan əlavə 18 B2B otağı planlaşdırılır. Pavilyonlar ödənişli olacaq. “Yaşıl zona” ictimaiyyətə açıq bir ərazi olacaq. Biletlər pulsuz olacaq", - deyə L.Mahmudova bildirib.
Media nümayəndələri həmçinin Media Mərkəzində yaradılan şəraitlə də tanış olublar.
COP29-da Media əməliyyatları üzrə direktor Pirim Pirimov vurğulayıb ki, Media Mərkəzi artıq tam olaraq hazır vəziyyətdədir.
"6 325 kvadratmetr ərazidə 1200 media nümayəndəsi üçün tam rahat şəkildə iş şəraitini təmin etdik. Xırda bəzi detallar qalıb ki, üzərində iş gedir. Media üçün iş otaqları ayrılıb. Televiziya və radio yayımçıları üçün 300, yazılı media üçün isə 300 masa ayrılıb. Bundan əlavə "standup" mövqelər və studiolar mövcuddur. Həmin studioları rezerv etmək mümkündür. Akkreditasiya prosesi isə davam edir. Media Mərkəzinin iş saatları səhər saat 8-dən axşam saat 8-ə qədər olacaq", - deyə P.Pirimov qeyd edib.