İqlim dəyişikliyi yalnız bugünkü nəsilləri deyil, həm də gələcək nəsilləri daha dərin təsirlər altına almaq potensialına malikdir.
Bunu Fins.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib. O bildirib ki, iqlim dəyişikliyi insanların sağlamlığını və gündəlik həyatını dəyişdirəcək amillərdən biridir və ekoloji proseslər insanların orqanizmində bioloji dəyişikliklərə qədər səbəb olur, diqqəti və sağlamlığı azaldır:
“Bu bioloji dəyişikliklər, gələcək nəsillərin diqqət toplama qabiliyyətinə, zehni fəaliyyətinə və ümumi sağlamlıq vəziyyətinə mənfi təsir göstərəcək. Xüsusilə uşaqlar və gənclər bu proseslərə daha həssas olacaq, çünki orqanizmləri hələ inkişaf mərhələsindədir”.
E.Bayramlı qeyd edib ki, iqlim dəyişikliyinin kənd təsərrüfatına və qida istehsalına mənfi təsirləri nəticəsində, qidalanmada disbalans yaranacaq:
“Qidalanmada disbalans yaradır, xəstəliklər və viruslar artır. İqlim dəyişikliyi qida təhlükəsizliyini təhdid edir, daha çox uşaqlar və gənclər sağlam və balanslı qida təminatından məhrum ola bilərlər. Nəticədə, onların immun sistemi zəifləyəcək və xəstəliklərə qarşı müqaviməti azalacaq. Xəstəliklərin və virusların artması, xüsusilə bu yaş qruplarında olanlar üçün ciddi təhlükələr yarada bilər”.
İqlim dəyişikliyinin gətirdiyi bir digər mühüm problem psixoloji təsirlərdir. Gələcək nəsillər artan ekoloji fəlakətlərin, təbii resursların azalmasının və ekosistemlərin pozulmasının yaratdığı stress və risklər altında yaşamalı olacaqlar. E.Bayramlı bu məsələni belə izah edir:
"Bu, gələcək nəsillərin böyük stress altında, risklər və təhlükələr içində yaşamasına səbəb olacaq. Uşaqlar və gənclər həyatlarının ən həssas dövrlərində böyüməkdə olan ekoloji fəlakətlərin və iqlim dəyişikliklərinin nəticələri ilə üzləşmək məcburiyyətində qalacaqlar. Bu da onların psixoloji rifahına və gələcək həyat perspektivlərinə ciddi təsir edəcək. İqlim dəyişikliyi ilə bağlı problemlərin həll edilməməsi və tədbir görülməməsi, gələcəyin mənzərəsini daha da dumanlı edir. Biz gələcəyin mənzərəsini dumanlı görürük. Bu qeyri-müəyyənlik, gənclərin gələcək planlarını və həyatı haqqında düşüncələrini təsir edəcək. Əgər iqlim dəyişikliyi ilə mübarizə sürətləndirilərsə, bəlkə də bu mənzərə bir qədər aydınlaşa bilər”.
İqlim dəyişikliyi ilə mübarizə çərçivəsində fərdlərin və cəmiyyətlərin roluna toxunan E.Bayramlı, bu mübarizədə fərdi gücün məhdud olduğunu vurğulayıb:
"İqlim dəyişikliyi, sosial hərəkətlər və fərdi töhfə ilə mübarizədə fərdlərin gücü isə çox kiçikdir. Fərdi və ictimai səviyyədə atılan addımların önəmi böyük olsa da, qlobal miqyasda ekoloji problemlərin həlli üçün hökumətlər və beynəlxalq təşkilatlar tərəfindən daha böyük addımlar atılmalıdır. Gənclər bu prosesdə iştirak etsə də, onların fərdi töhfələri kifayət qədər əhəmiyyətli olmayacaq. Gələcək nəsillərin iqlim dəyişikliyinə qarşı hazırlıqlı olması üçün təhsil, məlumatlılıq və kollektiv fəaliyyət mühüm rol oynayır. Gənclər iqlim dəyişikliyi ilə bağlı biliklərə sahib olmalı, ekoloji cəhətdən davamlı həyat tərzi mənimsəməlidirlər. Bayramovun vurğuladığı məqamlar gələcək nəsillərin iqlim dəyişikliyinin təsirlərinə qarşı hansı risklər altında olacağını göstərir”.
İqlim dəyişikliyinin gələcək nəsillərə təsiri artıq özünü göstərməkdədir və bu təsirlər uşaqlar və gənclərin həyatında böyük fəsadlara yol açacaq. Ekoloji dəyişikliklər bioloji, psixoloji və sosial səviyyələrdə mənfi nəticələrə səbəb olacaq. Elçin Bayramlının qeyd etdiyi kimi, gələcək nəsillər üçün risklər artmaqda davam edir və onların həyat perspektivləri getdikcə daha dumanlı görünür. Bu səbəbdən, hökumətlər və cəmiyyətlər birgə fəaliyyət göstərməli, iqlim dəyişikliyinə qarşı mübarizəni gücləndirməlidir ki, gələcək nəsillər daha təhlükəsiz və sağlam bir dünyada yaşasınlar.
Fuad Mədətov
Fins.az