17 sentyabr 2024-cü il tarixindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə hazırlanan eksklüziv, limitli kolleksiyaya daxil olan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib.
Fins.az xəbər verir ki, SOCAR-ın Baş ofisində təşkil olunan mərasimdə ilk öncə yeni kolleksiya ilə bağlı təqdimat edilib.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf 2024-cü ilin müstəqil Azərbaycan tarixində mühüm əhəmiyyətə malik “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlamətdar olduğunu vurğulayıb. Rövşən Nəcəf xalqımızın Ümummilli Lideri, enerji strategiyamızın müəllifi Heydər Əliyevin təşəbbüsü ilə imzalanan bu tarixi sənədin ölkəmizin hərtərəfli və dayanıqlı tərəqqisini təmin etməklə yanaşı, regional əməkdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaratdığını diqqətə çatdırıb.
SOCAR prezidenti bu əlamətdar hadisə ilə bağlı il ərzində SOCAR tərəfindən silsilə tədbirlərin təşkil edildiyini, bu xüsusda, enerji siyasətimizdən bəhs edən markaların, “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə həsr olunmuş limitli xalça kolleksiyasının hazırlandığını qeyd edib.
Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov Azərbaycan xalq-tətbiqi sənəti və onun mühüm qolu olan xalçaçılığın milli mədəniyyət tariximizdə özünəməxsus yer tutduğunu vurğulayıb. “Azərxalça” ASC ilə SOCAR arasındakı səmərəli əməkdaşlığın bu sahənin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
“Əsrin müqaviləsi”nin ölkəmizin hərtərəfli inkişafında önəmli rola malik olduğunu vurğulayan İdarə Heyətinin sədri bu əlamətdar hadisənin 30-cu ildönümü münasibətilə eksklüziv, limitli kolleksiyaya daxil olan müxtəlif ölçülü xalçaların hazırlanmasının SOCAR ilə “Azərxalça” arasında səmərəli əməkdaşlığın təzahürü olduğunu bildirib, birgə fəaliyyətin gələcəkdə də uğurla davam etdiriləcəyinə inamını ifadə edib.
Daha sonra xalçaların kəsim mərasimi keçirilib.
Zemfira Ms
Fins.az