Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində (DOST RİM) Özbəkistan Prezidenti yanında Sosial Müdafiə üzrə Milli Agentliyin nümayəndələri ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Fins.az-a verilən məlumata görə, görüş ölkəmizin sosial sahədə elektron xidmətlər təcrübəsini öyrənərək tətbiq etməkdə maraqlı olan Özbəkistan nümayəndə heyəti ilə bu sahədə təcrübə mübadiləsi aparılması məqsədi daşıyıb.
DOST RİM-in direktoru Kənan Əkpərov son illər Azərbaycanda həyata keçirilən sosial islahatların tərkib hissəsi kimi, dövlət sosial xidmətlərinin elektronlaşdırılması sahəsində əldə olunan uğurlar barədə məlumat verib.
Nazirliyin 153 xidmətindən 140-dan və ya 90 faizdən çoxunun elektronlaşdırıldığı, e-sistem üzərindən 50-dən çox proaktiv xidmətin fəaliyyət göstərdiyi bildirilib. E-sosial.az portalı və “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) innovativ üstünlükləri, ölkəmizin bu iki rəqəmsal sosial layihəsinin bu il Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə”, habelə ƏMAS-ın “IDDA Awards” müsabiqəsində “İlin Rəqəmsal Layihəsi” mükafatlarına layiq görüldüyü qeyd olunub.
E-sosial portalının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəsmi internet səhifəsində, ƏMAS-ın BMT-nin Cənub-Cənub əməkdaşlığı platformasında qabaqcıl innovativ həll təcrübələri kimi təqdim edildiyi, DOST RİM-in Böyük Britaniyanın nüfuzlu Texnologiya Təchizat Şəbəkəsinin keçirdiyi İnnovasiya Mükafatları-2023 beynəlxalq müsabiqənin finalçılarından biri olduğu vurğulanıb.
Görüşdə Özbəkistandan olan nümayəndələrə ölkəmizin sosial sahədə elektron xidmətlər təcrübəsi barədə təqdimatlar edilib, ətraflı məlumatlar verilib.