“SOCAR Midstream Operations” MMC-nin həyata keçirdiyi “ProFarms” sosial sərmayə layihəsi çərçivəsində Ağdaş, Ucar və Yevlaxın 20 kəndində həssas qruplardan olan 280 ailəyə sahibkarlığa, o cümlədən arıçılığa başlamaqda kömək göstərilir.
“SOCAR Midstream Operations” MMC-dən Fins.az-a bildirilib ki, bu günədək 100 ailə hər biri 10 arı ailəsi və müasir arıçılıq avadanlığı, 100 ailə yeni istixanalar və tinglər, 80 ailə isə 30 min meyvə ağacı ilə təmin edilib.
Qeyd edək ki, “ProFarms” adlanan layihə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq boru kəməri boyunca yaşayan kənd sakinlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və kiçik sahibkarlıq ekosisteminin inkişafının təmin edilməsi məqsədi daşıyır. Layihə çərçivəsində şəhid ailələrinə, Vətən müharibəsi veteranlarına, yerli aztəminatlı ailələrə, təqaüdçü və ehtiyatda olan hərbçilərə müxtəlif növlü yardımların göstərilməsi nəzərdə tutulur. “Profarms” layihəsi çərçivəsində dəstəklənəcək kəndli fermerlərin 50 faizini qadınlar təşkil edir.
Layihə SOCAR və onun Cənubi Qafqaz Boru Kəmərindəki tərəfdaşları tərəfindən maliyyələşdirilir.