Azərbaycan Kulinariya Sənətləri Mərkəzi (Culinary Arts Center of Azerbaijan (CASA)) və “Placement International” ilə birgə təşkilatçılığı ilə Bakıda Təhsil-Karyera sərgisi təşkil olunacaq.
Bu barədə Fins.az-a danışan təşkilatçılar bildiriblər ki, iyulun 12-də saat 18:45-də “Dəniz Mall”da təşkil olunacaq sərgi ziyarətçilər üçün yeni və möhtəşəm imkanlar yaratmağa şans olacaq.
CASA dünyada qonaqpərvərlik sektorunda aparıcı rekrutinq şirkətlərindən olan “Placement International” ilə “Anlaşma Memorandumu” imzalayıb. “Placement International” qonaqpərvərlik sahəsində təhsil almış şəxslər və gənc peşəkarlar üçün ABŞ, Avropa, Asiya, Kanada və Avstraliyada “Hyatt”, “Marriot”, “Fairmont”, “Hilton”, “Four Seasons”, “InterContinental” kimi ən lüks otel və turizm məkanlarında, eləcə də, Mişlen ulduzlu restoranlarda iş imkanları təmin edir.
Təşkilatçılar onu da qeyd ediblər ki, artıq CASA tələbələri Amerika və Avropa ölkələrində işləmək şansının bir addımlığındadır.