SOSİUM

28 Yanvar

Qazaxıstanda Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hadisəsi pislənilib - FOTO

Dünən azərbaycanlılar Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilən terror hücumunu qınamaq üçün Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğuna yığışıblar.

Konsulluqdan Fins.Az-a verilən məlumata görə, 27 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hadisəsi pislənilib və hadisə zamanı şəhid olan baş leytenant Orxan Rizvan oğlu Əsgərov xatırlanaraq, dərin hüznlə anılıb.

Tədbirdə konsulluğun məsul işçisi çıxış edərək, terror hadisəsini qınayıb və bunun Türk dünyasına qarşı olduğunu vurğulayıb:

“Bizim yüksək rütbəli, diplomat statusuna malik olan zabit Orxan müəllim rəhmətə gedib, terror hücumuna məruz qalıb. Mən şəxsən onu tanıyırdım. Çox yaxşı insan idi. Bu terror hadisəsi tək bizə deyil, bütün millətimizə, Türk dünyasına qarşıdır.”

Tədbirdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulu Elçin Məmmədov, Türkiyə Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulu Sabri Alptekin, “Turan Group Holding” şirkətinin rəhbəri Qaşqay Namazov, o cümlədən, Türkiyənin və Qazaxıstanın tanınmış ictimai xadimləri, orada təhsil alan tələbələr də iştirak ediblər.

Qeyd edək ki, dünən səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə xain hücum olub. Terror nəticəsində səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edən baş leytenant Əsgərov Orxan Rizvan oğlu şəhid olub və iki nəfər yaralanıb.

Fuad Mədətov
Fins.Az