SOSİUM

06 Sentyabr

Bir neçə xəstəliyi olan şəxslərə əlillik necə təyin edilir?

Vətəndaş əlilliyin təyin olunması ilə bağlı müraciət etdiyi zaman onun bir neçə xəstəliyi varsa, hər biri üzrə fərdi faizlə təyinat aparılır.

Fins.az-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Mətanət Məmmədova "Sosial saat"da deyib.

O qeyd edib ki, yekun olaraq faizlər eyni hesablanırsa, yekun faiz 10 faiz artırılacaq. “Əgər bir xəstəlikdə faiz digər xəstəlikdən aşağıdırsa, vətəndaşın xeyrinə olaraq yüksək faiz olanı tətbiq edilir”, - deyə M.Məmmədova bildirib.

Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklər edilib. Dəyişikliklərin 2022-ci il iyulun 1-dən qüvvəyə minib. Yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən edilir. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunur.