Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir. Layihənin "Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin Mamayı məscidinə həsr olunub.
Qədim Şuşada 17 məhəllə olub. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı. Hər məhəllədə hamam, məscid və bulaq var idi.
Mamay məhəlləsi Şuşanın mərkəzi hissəsində yerləşir. XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmiş eyniadlı məscidin memarı Kərbalayı Səfixan Qarabaği olub. Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamayı məscidinin dam örtüyündə azançı üçün “güldəstə” quraşdırılmışdır.
Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi də fəaliyyət göstərib.