SOSİUM

26 Avqust

Rafiq Verdiyev: Qlobal temperaturun artması Azərbaycanı hər şeydən öncə ciddi su qıtlığı ilə üz-üzə qoya bilər

Təbii qazın min kubmetrinin iki min dollardan baha satılması dünya bazarında kömürə qlobal enerji ilə bağlı artan meyli daha da gücləndirib. Buna paralel olaraq dünyanın hər yerindən qlobal istiləşmə ilə bağlı gələn həyəcanlı xəbərlər artmağa başlayıb. 2021-ci ilin ikinci yarısında başlamış qlobal enerji böhranına qədər son illər ərzində dünyada kömür istehsalı ildən-ilə azalırdı. 2014-cü ildə dünya üzrə 8.1 milyard ton kömür çıxarılmışdı. Sonrakı illərdə atmosferə atılan karbon tullantılarını azaltmaq üçün alternativ enerji mənbələrinin təşviqi başladı və havaya ən çox karbon qazı tullantısı atılmasına səbəb olan kömür arxa plana keçirildi. Nəticədə 2020-ci ildə dünya üzrə kömür istehsalı 7.7 milyard tona enmişdi. Lakin 2021-ci ilin ikinci yarısında Avropa birjalarında təbii qazın birdən-birə 10 dəfəyə qədər artaraq min kubmetr üçün iki min dolları keçməsi bütün dünyada kömürə marağı artırdı və ötən il dünya üzrə 7.9 milyard ton kömür çıxarıldı. Bu il istehsalın 8 milyard tonu keçəcəyi düşünülür.

AZƏRTAC xəbər verir ki, daş kömür atmosferə atılan karbon qazı tullantılarının çoxluğuna görə ən zərərli yanacaq sayılır. Kömürün elektrik enerjisi üçün istifadəsi daha təhlükəli hesab olunur. Çünki bu zaman havaya karbon qazı ilə yanaşı kütləvi şəkildə his, kükürd-dioksid, azot oksid, dəm qazı, civə və mərgümüş kimi zəhərli maddələr atılır. Həmin maddələr çirklənmə mənbəyindən 100 kilometrlərlə məsafəyə yayılır və insanların vaxtından tez ölümünə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə hər min terabayt/saat enerji istehsalı üçün sərf edilən kömür 280 min insanın erkən ölümü ilə nəticələnir. 2014-cü il üzrə araşdırma aparan ÜST bildirib ki, həmin il dünyada hava çirklənməsi ilə bağlı 3.7 milyon insan ölüb. Kömürün ən əsas fəsadı elektrik enerjisi istehsalı üçün qazla müqayisədə 1.6 dəfə artıq karbon qazı tullantısı yaratmasıdır. Bu isə istixana effekti yaradaraq qlobal istiləşmənin daha da sürətlənməsinə səbəb olur. Araşdırmalar göstərir ki, kömürün daha çox istifadə edildiyi ölkələrdə havanın temperaturu daha sürətlə artır. Məsələn, hazırda dünya üzrə kömürün yarıdan çoxu - təxminən 4 milyard tonu Çində istifadə edilir və burada qlobal istiləşmə digər ölkələrə nisbətən daha sürətlidir. Həmin ölkənin Milli İqlim Mərkəzinin məlumatına görə, son 70 ildə, yəni Çində sənayeləşmənin başladığı 1951-ci ildən bu yana bu ölkədə orta temperatur 1.82 dərəcə yüksəlib. Halbuki bütün dünya üzrə temperatur sənayeləşmədən əvvəlki dövrlə, yəni 1900-cü illə müqayisədə 1.11 dərəcə artıb. Alimlər 2050-ci ilə qədər olan dövrdə qlobal temperaturun artımını 1.5 dərəcə altında cilovlamağa çalışırlar. Çünki bu, temperaturun normal dövri dəyişməsi sayılır. Əks halda bəşəriyyəti ciddi problemlər gözləyir. Məsələn Rusiya Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutunun araşdırmasına görə, əgər qlobal temperatur bu dövr ərzində 2 dərəcə artarsa, onda gözlənilməz ərazilərdə qasırğa və tornado kimi hadisələrin tezliyi 3 dəfə çoxalar. Əgər temperatur dörd dərəcə artarsa, onda bu cür anomal hadisələrin sayı on dəfələrlə artar. Rusiya alimlərini bu cür araşdırma aparmağa Sibirdə gözlənilmədən tornadonun baş verməsi məcbur etmişdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib ki, Azərbaycanda qlobal istiləşmə məsələsi ölkə rəhbərliyi səviyyəsində nəzarətdədir. Ölkəmiz qlobal istiləşmənin qarşısının alınması üçün bir sıra könüllü öhdəliklər götürüb: “Azərbaycan 2016-cı ildə Paris Sazişini ratifikasiya edərkən 2030-cu ilə qədər istixana qazlarının səviyyəsinin 35 faiz azaldılması barədə könüllü öhdəlik götürüb. Əvvəllər ölkəmizdə enerji istehsalı, istilik enerjisi mazut hesabına həyata keçirilirdisə, hazırda onu təbii qazla əvəz etməklə 30-35 faiz azalmaya nail olmuşuq. Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında beynəlxalq təşkilatlarla, qurumlarla hazırkı və gələcək əməkdaşlığa əsaslanmaqla Azərbaycan İqlim dəyişmələrinə dair Paris Sazişi çərçivəsində yeni niyyətlərini, konkret desək 2050-ci ilə qədər tullantıların səviyyəsini 1990-cı ildəki ilə müqayisədə 40 faiz azaltmaq niyyətini bəyan edib. İri sənaye dövlətləri - Amerika, Yaponiya, Çin, Rusiya, Kanada ilə müqayisədə Azərbaycanın iqlim dəyişmələrinə səbəb olan qazların buraxılması baxımından rolu az olsa da, mənfi təsirə məruz qalan bir ölkə kimi qlobal istiləşmənin qarşısının alınmasında lazımi qədər aktiv olmaq niyyətindədir”.

R.Verdiyevin sözlərinə görə, qlobal temperaturun artması Azərbaycanı hər şeydən öncə ciddi su qıtlığı ilə üz-üzə qoya bilər: “Son 30 ildə orta temperaturun 1.4 dərəcə, beş-altı ildə quraqlıq illərinin sayının artması, yağıntının 10-15 faiz azalması nəticəsində su resurslarımız 15 faizədək azalıb. Bəzi ərazilərdə səhralaşmaya meyillik artıb. Quru ərazilərin hündürlüklə şaquli istiqamətdə sahələri genişlənir. Bu da həmin o landşafta, şaquli istiqamətdə dağlara doğru iqlimin daha da sərtləşməsinə gətirib çıxarır. Ümumi qlobal fonda günəşli, isti günlərin sayının, temperaturun artması ilə yanaşı, təhlükəli hadisələrin tezliyi də artır.

Əgər havaya atılan karbon qazının miqdarı lazımi həddə tənzimlənməzsə, hadisələr Azərbaycan üçün daha əlverişsiz ssenari üzrə cərəyan edər. Belə ki, havanın orta temperaturu dörd dərəcə və daha çox arta bilər ki, bu da yağıntıların miqdarının, su resurslarımızın 30-35 faiz azalması ilə nəticələnə bilər. Həmçinin təhlükəli hidrometeoroloji hadisələrin daha tez-tez və daha sərt baş verməsi müşahidə edilə bilər. Temperatur 4 dərəcədən çox, o cümlədən buxarlanma çox artarsa, bu, həm ölkəmizin su resurslarının, həm Xəzər dənizinin suyunun, həm də ona daxil olan suların azalmasına, dənizin səviyyəsinin bir neçə metr enməsinə səbəb ola bilər. Buna görə də uyğunlaşma tədbirləri həyata keçirilməlidir. Azərbaycan beynəlxalq qurumlarla - Yaşıl İqlim Fondu, BMT-nin digər təşkilatları, Qlobal Ətraf Mühit Fondu və s. təşkilatlarla əməkdaşlıq edir. Həmin əməkdaşlıq çərçivəsində milli adaptasiya, milli uyğunlaşma planı da hazırlanır”.

Təbii ki, Azərbaycan ilk növbədə suya qənaət texnologiyalarını tətbiq etməlidir, suvarma üçün götürülən suyun torpaq kanallarında itməsinin qarşısı alınmalıdır. Araşdırmalara görə, suvarma üçün mənbələrdən hər il 12 milyard kubmetr su götürülür və bunun 4 milyard kubmetrdən çoxu yolda itir. Suvarmada modern texnologiyaların olmaması səbəbindən götürülən suyun 2 milyard kubmetri də sahələrdə itir. Yəni suvarma üçün götürlən suyun yarıdan çoxu itkiyə gedir. Azərbaycan məhz bu amili nəzərə almalı və enerji böhranının qaçılmaz etdiyi qlobal istiləşmənin gözlənilən fəsadlarına bu kimi problemlərin həlli ilə hazırlaşmalıdır.