SOSİUM

15 İyul

Azərbaycanda şəkərli diabetin profilaktikası üçün preparatın qablaşdırılması və satışı təşkil olunacaq

Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” MMC ilə Fransanın beynəlxalq müstəqil əczaçılıq qrupu olan “Servier” şirkəti arasında Azərbaycanda dərman preparatlarının istehsalına dair tərəfdaşlıq sazişi imzalanıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, sazişə əsasən, tərəflər “R-Pharm” MMC-nin istehsal müəssisəsində şəkərli diabetin fəsadlarının profilaktikası üçün “Diabeton®” (qliklazid) preparatının Azərbaycanda qablaşdırılmasını və satışını həyata keçirəcək.

Beşillik müqavilənin şərtlərinə əsasən, müəssisədə ildə qeyd edilən dərman preparatının təxminən 1 mln. qutu həcmində istehsalı həyata keçiriləcək.

Qeyd edək ki, dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC 2018-ci ilin sentyabr ayından Pirallahı Sənaye Parkının rezidentidir.