“PROACT-Care” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Şamaxının Dəmirçi kəndində TƏBİB-ə 3 mobil klinika və yüksək keçid qabiliyyətinə malik 2 avtomobil təhvil verib.
Açılış mərasimində ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı, TƏBİB sədri Ramin Bayramlı, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger iştirak ediblər.
Belə ki, mobil klinika sayəsində rayonda qeyri-infeksion xəstəliklərin gecikdirilmədən diaqnostikası və müayinəsi, həmçinin infeksion xəstəliklərin profilaktikası və müayinəsi mümkün olacaq.
Mobil klinikadan eyni zamanda Şamaxıda COVID-19-a qarşı mübarizə prosesində də istifadə olunacağı diqqətə çatdırılıb. Layihə USAID, UKAID və UHC-nin maliyyə dəstəyi ilə həyata keçirilib.
“PROACT-Care” layihəsinin icrasında ÜST-ün Azərbaycanda ofisinə TƏBİB, Şamaxı rayonu İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi, Heydər Əliyev Fondu və UNICEF dəstək verib.
Yaxın gələcəkdə layihənin ölkənin digər rayonlarına da genişləndirilməsi planlaşdırılıb.