SOSİUM

02 İyul

Yeni əlillik təyinatı bu tarixdən rəsmiləşəcək – RƏSMİ

Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək.

Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.

Beləliklə, həmin müddət üçün vətəndaşın sosial ödənişlərinin aparılmasını təsbit edən dəyişiklik, əlilliyi olan şəxslərin sosial təminatının daha da yaxşılaşdırılmasını nəzərdə tutur.

Müvafiq olaraq “Əmək pensiyaları haqqında” qanuna da dəyişiklik edilir.

Təklif edilən dəyişikliyə əsasən, əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi əlillik müddəti bitdiyi gündən dayandırılır. Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının ödənilməsi isə onların “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa ediləcək.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, şəxsin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu yenidən müəyyən edilərsə, əmək pensiyasının verilməsi əlilliyin, o cümlədən sağlamlıq imkanlarının məhdudluğun yenidən müəyyən edildiyi gündən bərpa edilir. Eyni zamanda təkrar müayinə vaxtı üzrlü səbəbdən ötürüldükdə, bu müddət ərzində əmək pensiyası bir aydan çox olmayan müddət üçün ödənilir. Təkrar müayinə zamanı əlilliyi olan şəxs başqa əlillik dərəcəsinə keçirildikdə, bir aydan çox olmayan müddət üçün əmək pensiyası əvvəlki dərəcə üzrə ödənilir.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.