SOSİUM

01 İyul

Xəstəxanaların birləşdirilməsindən sonra tibb işçiləri ixtisar ediləcək? - AÇIQLAMA

“Xəstəxanaların birləşdirilməsi, struktur dəyişikliyinin Bakıda həyata keçirilməsinin səbəbi çoxprofilli xəstəxanaların yaradılmasıdır”.

Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov məlumat verib.

O bildirib ki, doğum evlərində cərrahi müdaxilə göstərəcək həkimlər olmur, bu isə öz növbəsində çətinliklər yarada bilir:

“Hər hansı bir fəsad baş verdikdə xəstəxana daha üst quruma müraciət edir. Cərrahın tibb müəssisəsinə dəvət edilməsi zaman alır, vaxtında müraciətə cavab gəlmir və s. məqamlar xəstənin səhhətinin pisləşməsinə gətirib çıxara bilir. Bu baxımdan çoxprofilli xəstəxanalar yaradılır. Burada məqsəd xəstəxana daxilində bütün profillər üzrə tibb heyətinin olmasını təmin etməkdir”.

K.Ələkbərov qeyd edib ki, Bakı Baş Səhiyyə İdarəsinin tabeçiliyində olan müəssisələrdən ibarət 11 tibb mərkəzi yaradılıb:

“Onların hər biri multidisiplinardır, yəni bütün sahələri əhatə edən xidmət göstərir. Burada tibb işçilərinin iş rejimi əmək məcəlləsi ilə təmin edilir və iş qaydalara tam əməl edilməklə davam edəcək”.

“İcbari Tibbi Sığorta sisteminin tətbiqinə başlanıldıqdan bu günə qədər heç bir tibb işçisi ixtisara salınmayıb. Sadəcə olaraq optimallaşma aparılır, müəyyən şöbələr birləşdirilir. Baxmayaraq ki, həkim sayı çarpayı sayına uyğun gəlmir, amma ixtisar olmayıb, olmayacaq da”, - deyə K.Ələkbərov əlavə edib.