Azərbaycanda birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi bu gündən qadağan edilib.
Fins.az-ın məlumatına görə, bununla bağlı “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik edilib.
Qanuna əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır.
Qanunun müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən qüvvəyə minib.
Birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə qanun 2021-ci il iyulun 1-dən qüvvəyə minir.
İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni maddəyə əsasən, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə ediləcək.
Digər yeni maddəyə əsasən, yuxarıda nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək cərimə ediləcək.