Paytaxt yollarında hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması tədbirləri davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, bu çərçivədə Heydər Əliyev prospektində əsas yolun “Bağırov” körpüsü kimi tanınan yolayrıcı tuneldən kecən hissəsində ayırıcı bordürün inşası ilə bağlı layihə hazırlanıb. Layihənin icrası prospektin bu hissəsində baş verən yol nəqliyyat hadisələri zamanı ölüm və xəsarət alma risklərinin minimuma endirilməsinə, piyada təhlükəsizliyi səviyyəsini daha da artırmağa imkan verəcək.
Müvafiq dövlət qurumları ilə razılaşdırılan layihənin icrasına başlanılıb. Bu səbəbdən, yolun hər iki istiqamətində orta zolaqlar üzrə nəqliyyat axınında fasilələrlə müəyyən ləngimələr yarana bilər. Sürücülərdən hərəkətin təhlükəsizliyi məqsədi ilə görülən işlərə anlayışla yanaşmaları xahiş olunur.