SOSİUM

26 İyun

Şəhid övladları üçün “Qaliblər düşərgəsi” təşkil olunacaq

Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı və Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun baş müşaviri Samir Süleymanovun idarə heyətinin sədri olduğu "For Azerbaijan" beynəlxalq təşkilatının dəstəyi ilə şəhid övladları üçün “Qaliblər düşərgəsi” fəaliyyətə başlayacaq.

Layihənin Təşkilat Komitəsinin sədri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, düşərgənin əməliyyat komitəsinin rəhbəri isə DMX-nın İctimaiyyətlə əlaqələr idarəsini rəisi Elnur Kələntərovdur.

Elnur Kələntərov  açıqlamasında bildirib ki, düşərgə iyulun 4-dən 18-nə qədər fəaliyyət göstərəcək: “Düşərgədə yalnız 13-14 yaşlı şəhid övladları olacaq. Burada 30-a yaxın bölgədən olan şəhid övladları iştirak edəcək. Düşərgədə həmin uşaqlara fərdi inkişaf, dünyagörüşünün artırılması, ingilis dili, digər xarici dillər üzrə təlimlər keçiriləcək. Layihə ilə bağlı 2 aydan artıqdır hazırlıqlar davam edir. Bütün şəhid ailələrinə uşaqlarla bağlı xüsusi anketlər göndərilib. Uşaqlar bu anketə düşərgədən istədiklərini, arzuladıqlarını yazıblar. Fərdi proqramları üzrə bəziləri ingilis dilini, bəziləri digər xarici dilləri seçiblər. Düşərgədə təlimçilər olacaq, gün ərzində uşaqlara müxtəlif təlimlər keçəcəklər. Bu uşaqlar məktəb proqramı üzrə hansısa fəndən geri qalırsa, onlar üçün fərdi dərslər də təşkil olunacaq. Bütün bunlar əsasən, günün birinci yarısında olacaq.

Günün ikinci yarısında isə Bakının görməli yerlərinə ekskursiyalar nəzərdə tutulub. Ekskursiyalar zamanı Bakı bulvarı, Hərbi Qənimətlər Parkı, Heydər Əliyev Mərkəzi, Şəhidlər xiyabanı, Fəxri xiyaban, “Yanardağ” kompleksi, İçərişəhər, hətta Qobustana da gediləcək. Təhsil Nazirliyi düşərgə üçün A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika Gimnaziyasını bizə verib. Layihənin müxtəlif tərəfdaşları var – Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Dövlət Turizm Agentliyi, Bakı Nəqliyyat Agentliyi, müxtəlif özəl şirktlər və s. Uşaqların təhlükəsizliyini DMX-nın Təhlükəsizlik İdarəsi həyata keçirəcək”.

Düşərgənin əməliyyat komitəsinin rəhbəri deyib ki, layihədə ümumilikdə 80 şəhid övladı iştirak edəcək:“Bütün uşaqlar iyulun 1-2-də COVİD-19 testindən keçəcək. Eyni zamanda, düşərgədə çalışacaq 50-ə yaxın könüllü, biz özümüz də test verəcəyik. Düşərgədə işləyəcək hər kəs vaksinasiya olunub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həkim personalı ayırıb, uşaqlar 24 saat nəzarətdə olacaqlar. Yeməklər uşaqların arzu etdikləri kimi olacaq, anketdə onlar sevdikləri və sevmədikləri yeməkləri qeyd ediblər. Uşaqlar üçün eyni zamanda əyləncələr də təşkil olunacaq, arzuladıqları, görmək istədikləri adamlarla görüşəcəklər. Axşamlar kinoya baxacaqlar, karaoke, diskoteka, konsert, teatr hazırlanıb, hər axşam bir əyləncələri olacaq. Uşaqların futbol, kapoera, karate dərsləri olacaq. Anketlərdə hansı idmanı istədiklərini də yazıblar, eyni zamanda müxtəlif rəqslər təşkil olunacaq”.

E.Kələntərov qeyd edib ki, uşaqlar üçün 24 saat fəaliyyət göstərəcək “Çağrı mərkəzi” ayrılıb: “Valideynlər istədikləri vaxt bizim qrup rəhbərlərinə zəng edib uşaqla danışa biləcəklər. 80 uşaq 7 qrupa bölünüb, hər qrup 11-12 nəfərdən ibarətdir. Hər qrupa 2 könüllü rəhbərlik edəcək. Uşaqlar bura sırf psixoloji gərginlikdən, sarsıntıdan çıxmaq üçün gələcəklər”.

©APA