SOSİUM

03 Mart

Yaşat Fonduna toplanan vəsaitin miqdarı məlum oldu

Yaradıldığı vaxtdan etibarən Yaşat Fonduna 30 milyon 178,777 min manat məbləğində vəsait daxil olub.

Məlumata əsasən, fiziki şəxslər tərəfindən ianələr 16 milyon 434,136 min manat, hüquqi şəxslər tərəfindən – 13 milyon 744,64 min manat təşkil edib.

Fondun məlumatına görə, yığılmış vəsaitdən 11 milyon 589,934 min manat sərf olunub.

Hazırda Fondda 18 milyon 588,843 min manat toplanıb.

2020-ci ilin dekabr ayında Azərbaycan prezidenti İlham Əilyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərman imzalayıb.

Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılır: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə.

Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.