Prezident İlham Əliyevin Ağcabədi rayonunun Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.
Uzunluğu 41 km olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolları respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolundan ayrılır. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası sözügedən yaşayış məntəqələrində yaşayan əhalinin sevincinə səbəb olub.
Çünki Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən yollar əsasən çınqıl örtüklü və torpaq əsaslı olduğundan təbii faktorların, suvarma və qrunt sularının təsirindən yararsız vəziyyətdə idi, torpaq yatağının eni normativlərə cavab vermirdi və yolun bir çox hissəsində təbii relyef ilə eyni səviyyədə idi. Bu səbəbdən yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq əsaslı şəkildə təmirinə ehtiyac var idi.
Ölkə başçısının müvafiq sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azərelmitətdiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yollarının V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi məqsədilə yol layihəsi hazırlandı. Layihəyə uyğun olaraq yol bir-neçə marşrut üzrə yenidən qurulur. Bu Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27.4 km uzunluğa malik yollar, həmçinin 5.6 km Avşar, 2.9 km Salmanbəyli, 4.5 km Aşağı Avşar və 0.6 km Xocavənd kəndlərinin daxili yollarıdır.
Birbaşa olaraq vətəndaşların rahat gediş-gəlişinə maneə yaradan çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilməklə yenidənqurma işləri sonuncu mərhələ üzrə həyata keçirilir.
Bu işlər çərçivəsində yararsız örtük mexanizmlə sökülüb, yolun deformasiyaya uğramış hissələri ekskovatorla qazılıb çıxarılıb, yolun dərədən keçən hissəsinin və torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri aparılıb, daha sonra karxana çınqılı ilə qazılmış və yuyulmuş hissələr doldurulub, torpaq yatağının bərpası işləri görülüb.