Bakı, 25 noyabr Fins.az
Bir neçə gün öncə Bakıda yağan intensiv yağışlar nəticəsində bir sıra yolda işıqforların işində problemlər yarandı ki, bu da əhalinin narazılığına səbəb oldu.
Bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) xüsusi mühüm tapşırıqlar üzrə inspektoru Mübariz Ağayev deyib.
Onun sözlərinə görə, belə problemlərin bir daha yaşanmaması üçün işıqforlara vaxtaşırı texniki xidmətin bir qədər də yaxşılaşdırılması tövsiyə olunur: "Bəllidir ki, biz artıq payız-qış mövsümünə daxil olmuşuq. Bakı küləkli və yağışlı şəhərdir. Ona görə də, həmin işıqforların, xüsusən yolayrıcılarında olan işıqforların vaxtaşırı texniki xidmətin yaxşılaşdırılması, hesab edirəm ki, növbəti illərdə və fəsillərdə baş verə biləcək meteoroloji amillərin qarşısının alınmasında və yaxud həmin amillər nəticəsində yarana biləcək problemlərin qarşısının alınmasında çox böyük əhəmiyyət kəsb edə bilər".
BDYPİ-nin rəsmisi həmçinin işıqforları və yol nişanlarının qarşısını kəsən ağaclarla bağlı problemə də toxunub: "Bu ağaclar həmin yol nişanlarının, işıqforların qarşısını alır. Bəzən, reklam lövhələrinin dirəklərinin quraşdırılması zamanı da bu məsələlərə diqqət yetirilmir. Layihələndirmə zamanı icazələrin verilməsi zamanı bəlkə də bu kompleks nəzərə alınmır, sonradan isə müəyyən problemlər ortaya çıxır və nəticədə sürücülərlə Dövlət Yol Polisi əməkdaşları arasında xoşagəlməz hallar yaşanır".