Bakı, 23 noyabr Fins.az
Fövqəladə Hallar Nazirliyi koronavirus təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.
Fins.az nazirliyə istinadən bildirir ki, son günlər ölkəmizdə yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının artması və hava şəraitinin infeksion və respirator xəstəliklərin yayılması üçün əlverişli olmasını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhalini ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, bu təhlükəli virusdan qorunmaq üçün müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, özünüzün və yaxınlarınızın sağlamlığı və təhlükəsizliyi naminə çox sadə üç qaydaya əməl etmək kifayət edər:
bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskadan istifadə edin;
başqa şəxslərlə minimum iki metr sosial məsafə saxlayın
əllərinizi tez-tez sabunla yuyun və ya spirt tərkibli məhlulla dezinfeksiya edin.
Özünüzdə və yaxınlarınızda koronavirusa yoluxmanın əlamətlərini (hərarətin yüksəlməsi, boğazda qıcıqlanma və ağrı, quru öskürək, təngənəfəslik) müşahidə etdikdə dərhal təcili tibbi yardıma müraciət edin. Unutmayın: qaydalara biganəlik – həyatımıza təhlükədir!