SOSİUM

23 Noyabr

Nazirlik şəhidin tikintisi yarımçıq qalmış evinin inşasını başa çatdıracaq

Bakı, 23 noyabr Fins.az 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş qəhrəmanımızın tikintisi yarımçıq qalmış evinin inşasını başa çatdıracaq.

Fins.az-ın xəbərinə görə, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat paylaşıb.

O qeyd edib ki, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Qəribov Asif Səxavət oğlunun ailəsinin maddi vəziyyəti, ağır ev şəraiti barədə sosial şəbəkə səhifələrindən birindən (//www.facebook.com/164430260585948/posts/1301496963545933/?d=n) məlumat əldə etdik.

"Məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Şirvan şəhərində yaşayan həmin ailə ilə görüşdülər. Şəhidimizin ailəsi üç nəfərdən (anası Qəribova Mərmər Qərib qızından və  azyaşlı bacı və qardaşından) ibarətdir.

Vətən müharibəsinə getməzdən öncə Asif işləyərək ailəsi üçün ev tikdirirmiş. Nazirlik Vətən müharibəsində şəhid olmuş qəhrəmanımızın tikintisi yarımçıq qalmış evinin inşasını sosial tərəfdaşlarla birgə başa çatdıracaq.

Hazırda ailəyə ailə başçısını itirməyə görə müavinət və ünvanlı sosial yardım formasında sosial ödənişlər (ümumilikdə aylıq 445 manat) verilir. Zəruri sənədləşmədən sonra onlara Prezidentin aylıq təqaüdü (300 manat) də təyin olunacaq. Eyni zamanda, özünüməşğulluq proqramı çərçivəsində şəhidin anası M.Qəribova üçün kiçik müəssisə yaradılması da qərara alınıb".