Vüsal Kərimli Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatdan danışdı
COVID-19 pandemiyasından sonra ictimai nəqliyyat - mövcud vəziyyət və gələcək planları müzakirə etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin (BNA) təşəbbüsü ilə İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosasiyaya (UITP) üzv qurumların video-konfrans formatında görüşü keçirilib. BNA-dan verilən məlumata görə, görüşdə Avropa, Amerika Birləşmiş Ştatları, Kanada, Latın Amerikası və Avrasiya regionundan olmaqla ümumilikdə 300 nəfərdən artıq ictimai nəqliyyat təşkilatlarının nümayəndələri iştirak edib.
İştirakçılar pandemiya zamanı ictimai nəqliyyatın tənzimlənməsi və post-pandemiya inkişaf planları üzrə təcrübələrini bölüşüblər. Çıxış edənlər pandemiya zamanı ictimai nəqliyyatın ön cəbhədə fasiləsiz çalışdığını bildiriblər. Bu isə dayanıqlı şəhər mühitinin formalaşması, iqlim dəyişikliyiilə mübarizə, sağlam və aktiv həyat tərzinin təşviqi, yerli iqtisadiyyatın inkişafı baxımından mühüm rol oynayır. Qeyd olunanları nəzərə alaraq UITP tərəfindən #bettermobility aksiyasına başlanılıb. Hər kəs üçün əlçatan və rahat ictimai nəqliyyatın təmin edilməsini əsas götürərək Bakı Nəqliyyat Agentliyi də bu qlobal çağırışa qoşulduğunu bəyan edib.
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli pandemiya zamanı görülən işlər, dayanıqlı nəqliyyat sisteminin təşkili istiqamətində post-pandemiya planları haqqında təqdimatla çıxış edib. BNA-nın COVID-19-la mübarizə istiqamətində tədbirlər, o cümlədən təhlükəsizlik, ictimai nəqliyyat əməliyyatları, pandemiyanın təsirləri, post-pandemik əməliyyatlar barədə ətraflı məlumat verilib.
Bundan əvvəl isə İdarə Heyətinin sədri 200 nəfərdən artıq konfrans iştirakçısını Azərbaycan-Ermənistan sərhədində baş verən düşmən təxribatı barədə məlumatlandırıb. Bildirib ki, bütün dünyada, o cümlədən də Azərbaycanda pandemiyaya qarşı tədbirlər aparıldığı bir vaxtda Ermənistan ordusunun təxribatı heç bir beynəlxalq təşkilatın prinsip və dəyərlərinə uyğun gəlmir. Beynəlxalq hüququn prinsiplərinin pozulmasına yönələn bu təcavüz qətiyyətlə qınanmalı və pislənilməlidir.