Günəş panellərinin ucuzlaşması və onların həm sənaye istehsalında, həm də gündəlik həyatda istifadəsinin yayılmasının genişlənməsi bu cür ekoloji təmiz texnologiyanın ictimai nəqliyyatda tətbiqinə zəmin yaradıb. İctimai nəqliyyatın gələcəyi iri şəhərlərdə sərnişindaşımalarda alternativ enerji mənbələrindən istifadə ilə bağlıdır. Onu da iddia etmək olar ki, nəqliyyat sektorunun bu seqmenti gec-tez “yaşıllaşacaq”.
Şübhəsiz ki, ictimai sərnişindaşımalarda avtobusların rolu böyükdür. Lakin onlar havanı əhəmiyyətli dərəcədə çirkləndirir. İctimai avtobuslardan imtina sakinlər üçün logistika baxımından rasional deyil və buna görə də ən yaxşı seçim bu nəqliyyat növünün innovativ inkişafıdır.
Qeyd etmək lazımdır ki, hazırda bir çox ölkələrdə elektrik mühərriklə işləyən ictimai avtobusların istifadəsi geniş yayılıb. Amma günəş panellərinin istifadəsi bu nəqliyyat növünü daha da ekoloji və iqtisadi səmərəli edə bilər. Minik avtomobillərindən fərqli olaraq, avtobuslarda (dam hissəsində) günəş panellərini quraşdırmaq daha rahatdır, çünki onların damı daha böyükdür. Belə şəraitə əsas problem həll edilmiş olur – günəş panellərinin yerləşdirilməsi üçün kifayət qədər yerin olması. Günəş panellərindən istifadə avtobuslarda tək iqlim nəzarəti sistemini deyil, həm də mühərriki elektrik enerjisi ilə təmin etməyə imkan verə bilər. Ancaq günəş panelləri texnologiyasının hazırkı inkişaf səviyyəsi çərçivəsində əksər hallarda nəqliyyat vasitələrinin hərəkətini tam təmin etmək mümkün olmur və nəticədə stasionar enerjidoldurma stansiyalarından istifadə qaçılmazdır.
Hazırda bu istiqamətin inkişafının qarşısında duran əsas məsələ - uzun müddət xidmət edə biləcək batareyanın yaradılmasıdır. Bununla yanaşı, günəş panellərinin ictimai nəqliyyat sisteminin inkişafında istifadə edilməsinin genişləndirilməsi də aktual məsələlərdən biridir. Bunların həlli günəş panellərindən geniş miqyasda istifadəsinə şərait yaradacaq.
Sərnişin avtobusları ölçüsünə görə günəş enerjisinin yığılması və onun sonrakı istifadəsi üçün kifayət qədər həcmli batareyalar quraşdırmağa imkan verir. Bu, öz növbəsində, gələcəyin ictimai nəqliyyatına hava şəraitinin dəyişkənliyindən asılı olmadan hərəkət etməyə imkan verir.
Onu da qeyd etmək lazımdır ki, gələcəyin ekoloji cəhətdən səmərəli ictimai nəqliyyatı artıq mövcuddur. Məsələn, 2013-cü ildən Avstraliyada “Tindo” avtobusları istismar olunur. Avtobus Adelaida şəhərində sərnişinlərin daşınması prosesinə cəlb edilib və günəş enerjisi ilə çalışır. Onun əsas üstünlüyü odur ki, hər il havaya 70 ton CO2 atılmasının qarşısı alınır. Bu cür ictimai nəqliyyatdan istifadə edərək enerji doldurmadan 200 km məsafəni qət etmək mümkündür.
Bundan başqa, ABŞ-ın Uinston-Seylem şəhərində sərnişindaşıma gələcəyin yerüstü nəqliyyatı - “Solar Shuttle” ilə həyata keçirilir. Gələcəyin ekoloji cəhətdən təmiz ictimai nəqliyyatını şəhər həyatına uyğunlaşdırmanın uğurlu nümunəsi ilə İsveçrə də öyünə bilər. Belə ki, “Swiss” avtobusları günəş enerjisi ilə işləyir. “Road Trains” avtobus qatarları isə ölkənin bir neçə şəhərində gəzinti səfərlərini həyata keçirir.
Günəş enerjisi ilə işləyən ictimai nəqliyyatın inkişafında maraqlı bir istiqamət eko-qatarların inkişafıdır. Dəmir yolu sektorunda ekoloji səmərəlilik bir neçə yolla əldə edilə bilər.
Birincisi, avtobuslarda olduğu kimi, qatarların damlarında günəş panelləri quraşdırıla bilər. Burada lazımi sayda batareyanı yerləşdirmək üçün kifayət qədər yer var. Macarıstanda günəş panelləri ilə təchiz edilmiş “Vili” layihə qatarı Kiraliret-Kismaros marşrutu üzrə hərəkət edir. Ekskursiya qatarı yalnız günəş enerjisindən istifadə edərək hərəkət edir. Günəş panelləri vasitəsi ilə əldə edilən enerji ilə işləyən qatar Hindistanda da mövcuddur. “Himalayın Kraliçası” adlanan qatar Kalkadan Şimla şəhərinə sərnişinlərin daşınmasını təmin edir. Bundan əlavə, qatarların günəş panellərindən enerji ilə qismən təchiz edilməsi getdikcə populyarlaşır.
İkincisi, alternativ mənbələrdən istifadə edərək dəmiryol xətlərinin elektrik enerjisi ilə təmin edilməsi məsələsi də hazırda aktuallaşır. Bu variantda da qatarların elektrik enerjisi ilə təmin edilməsi günəş enerjisindən istifadə etməklə təşkil olunur. Elektrik enerjisinin verilişi qismən və ya bütövlüklə dəmir yolu xətləri boyunca günəş panellərinin quraşdırılması ilə mümkün olur. Gələcəyin bu cür alternativ nəqliyyat növü artıq Paris və Amsterdam şəhərləri arasında istifadə olunur. Bənzər bir layihə Böyük Britaniyada da tətbiq edilir.
Əlbəttə, gələcək ictimai nəqliyyat sisteminin qurulmasında alternativ enerji mənbələrindən istifadə çox suallar yarada bilər. Lakin bu, nə qədər fantastik görünsə də, bir o qədər də realdır. Məsələn, Çində gələcəyin nəqliyyatı artıq reallığa çevrilir. Təkcə Şençjen şəhərində 16 mindən çox elektrik avtobus fəaliyyət göstərir. Böyük Britaniyanın paytaxtı Londonda bir və ikimərtəbəli avtobusların yaxın gələcəkdə eko-rejimə keçirilməsi istiqamətində də işlər aparılır. Nyu-Yorkda isə 2040-cı ilədək bütün avtobusları elektrik mühərrikə keçirməsi planlaşdırılır.
Beləliklə, alternativ enerji mənbələri texnologiyalarının ictimai nəqliyyatda istifadəsi məsələsinə artıq skeptik yox, real baxmaq lazımdır. Azərbaycanda da bu cür texnologiyaların inkişafı mümkündür. Öncə qeyd edilən inkişaf istiqamətlərinin Azərbaycanda da tətbiqi ölkədə ictimai nəqliyyat sisteminin inkişafı, ekoloji məsələlərin həlli və iqtisadi səmərəliliyin artırılmasına mühüm töhfəsini verə bilər. Çünki Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük potensial və imkanlar mövcuddur. Günəşli günlərin çox olması isə bu texnologiyaların ictimai nəqliyyatda istifadə edilməsi məsələsini tezləşdirə bilər.
(c)APA