Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) insan resursları necə idarə edilir? İl ərzində quruma nə qədər işçi qəbul olunur? İşə qəbul prosesi necə aparılır? Ümumilikdə, ölkədə karantin dövründə ADY əməkdaşlarının işi necə tənzimləndi? Bu barədə suallara ADY-nin HR Departamentinin rəisi Tural Məmmədov cavablandırıb.
- “Azərbaycan Dəmir Yolları” QSC-də insan resurslarının idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində hansı işlər görülür?
- “Azərbaycan Dəmir Yolları” QSC-də digər sahələrdə olduğu kimi insan resurslarının idarə edilməsi sahəsində də islahatlar icra edilərək fəaliyyətin təkmilləşdirilməsi üzrə bir sıra mütərəqqi tədbirlər həyata keçirilir. Həmin tədbirlər müxtəlif regionlar üzrə 2 955 km dəmir yolu xəttində infrastruktur, yol, elektrik, işarəvermə, təmir, vaqon, lokomotiv, hərəkətin təşkili, yük daşımaları, sərnişin daşımaları, mühafizə kimi təsərrüfatlarda fəaliyyət göstərən 18 000 dəmiryolçunun iş və həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. Bu çoxminli heyətin idarə edilməsi fəaliyyətlərinin daha sistemli, ədalətli və operativ şəkildə həyata keçirilməsi məqsədilə ilk öncə sahə üzrə siyasət və strategiyanı, habelə korporativ münasibətləri tənzimləyən normativ sənədlərin mövcudluğu təmin edilib.
Bundan sonra insan resurslarının idarə edilməsi sahəsində ümumi istiqamətləri müəyyən edən əsasnamə, habelə insan resurslarının planlaşdırılması, işə qəbulun həyata keçirilməsi, işçilərin başqa işə keçirilməsi, vəzifə və peşələr üzrə təminatların müəyyən edilməsi, işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsi kimi funksiyaları tənzimləyən konkret qaydalar tərtib edilib.
- ADY-də işə qəbul mərhələsi necə aparılır?
- Cəmiyyətdə işə qəbul prosesinin şəffaflaşdırılması, namizədlərin daha rahat şəkildə vakansiyalara müraciət etməsi və statuslarının izlənilməsi məqsədi ilə, şəxsi kabinet, elektron test mərkəzi, mobil elektron test sistemi istifadəyə verilib. Bu stasionar və mobil elektron test sistemi sayəsində Bakı və ətraf bölgələrlə yanaşı, ölkəmizin digər ərazilərində yaşayan vətəndaşlar da Bakıya gəlmədən rahat şəkildə işə qəbul müsabiqələrində iştirak edə bilirlər. Cəmiyyət üzrə təşkilati idarəetmə strukturu yenilənərək vahid ştat cədvəli tərtib edilmiş, insan resurslarının idarə edilməsi sahəsindəki məlumatların əldə edilməsi, təhlil olunması və sahə üzrə proqnozların verilməsi məqsədi ilə mərkəzləşdirilmiş hesabatlılıq sistemi hazırlanıb.
Vahid kadr inzibatçılığı sisteminin tətbiqi məqsədi ilə metodologiya işlənilmiş və bütün insan resursları idarəçiliyi sahəsində çalışan işçilər bu haqda təlimatlandırılıb. Sonrakı mərhələdə bir çox müəssisələrdə tətbiq edilməyən, lakin tətbiq edildikdə sahənin inkişafı, operativliyin təmin edilməsi, neqativ halların qarşısının alınması istiqamətində olduqca effektiv təsir göstərən addım kimi əmək haqqının, habelə əmək haqqına əlavə və tutulmaların və bunlara dair vergilərin hesablanması funksiyası da mərkəzləşdirilərək tamamilə insan resursları strukturuna birləşdirilib.
Eyni zamanda, insan resurslarının idarə edilməsi sahəsinə dair bütün proseslərin avtomatlaşdırılması istiqamətində də bir sıra tədbirlər görülüb. Struktur, ştat və işçilər üzrə məlumatlar sistemə daxil edilmiş, müəssisələrdə çalışan insan resursları əməkdaşlarına sistemdən istifadə ilə bağlı təlim təşkil edilmişdir. Bundan əlavə artıq iş analizlərinin keçirilməsi, məmnunluq dərəcəsinin müəyyənləşdirilməsi kimi alt funksiyalar da tamamilə elektron qaydada həyata keçirilməkdədir. Həmçinin vaqon bələdçilərinə verilən müştəri məmnuniyyəti təlimlərinin nəticələrinin qiymətləndirilməsi məqsədilə sərnişinlərə QR kod vasitəsilə elektron sorğu keçirilir. Cari ilin sonuna kimi insan resurslarının idarə edilməsi sahəsi ilə bağlı bütün əsas və funksional əməliyyatların tam avtomatlaşdırılması və vahid portal üzərindən həyata keçirilməsi planlaşdırılıb.
Yeni tələblərə cavab verən bu proseslərin tətbiqini təşkil etmək üçün ilk öncə Cəmiyyətin insan resurslarının idarə edilməsi sahəsində fəaliyyət göstərən bütün əməkdaşlarının sahə üzrə biliklərinin müəyyən edilməsi məqsədilə test imtahanları keçirilib. Bu test imtahanlarının nəticələrinə əsasən daxili imkanlar hesabına mərhələli şəkildə əmək qanunvericiliyi, əmək haqqının hesablanması, insan resurslarının idarə edilməsi sahəsində yeni yanaşmaların aşılanması üzrə təlimlər təşkil edilib. Sonra işçilərin tutduqları vəzifəyə uyğunluqlarının yoxlanılması məqsədilə əmək qanunvericiliyinin tələblərinə tam uyğun şəkildə attestasiya keçirilib. Bu attestasiyanın nəticələrinə əsasən də müəyyən kadr islahatları aparılıb. Hazırda Cəmiyyətin həm kadr inzibatçılığı funksiyaları, həm insan resurslarının idarə edilməsi funksiyaları üzrə işlər, həm də əmək haqqının, habelə əmək haqqına dair vergilərin hesablanması işləri insan resurslarının idarə edilməsi sahəsində fəaliyyət göstərən 205 nəfər əməkdaş hesabına həyata keçirilir.
- Ötən il və bu il ADY-də nə qədər insan işə qəbul edilib?
- Cəmiyyət üzrə 2019-cu ildə 1 171, 2020-ci ildə isə 341 ədəd vakansiya elana çıxarılmış, minlərlə test sualından ibarət baza formalaşdırılıb. Bu vakansiyalar üzrə 2019-cu il ərzində 18 316 nəfər, 2020-ci ilin 4 ayı ərzində isə 5 503 nəfər müraciət edib. 2019-cu ildə vakansiyaların tələblərinə cavab verən 3 838 nəfər, 2020-ci ildə isə 1 802 nəfər ilkin seçim mərhələsindən keçib. Ümumilikdə ilkin seçim mərhələsindən keçən 5 640 nəfər namizəddən 4 281 nəfəri test imtahanlarına cəlb edilmiş, test imtahanından müvəffəqqiyyətlə keçən 2 843 nəfər təşkil olunan müsahibələrdə iştirak edib. Nəticədə 1 250 nəfər Cəmiyyətin müxtəlif strukturlarında işlə təmin olunaraq adaptasiya proqramından (işə uyğunlaşdırılma proqramından) keçirilib.
Görülmüş işlərlə yanaşı, hazırda Cəmiyyət işçilərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi, bununla da məhsuldarlığın artırılması məqsədilə Təlim mərkəzi yaradılmış, 7 284 əməkdaş maarifləndirmə proqramlarına cəlb olunaraq daxili və xarici təlimlərdə iştirak etmiş, 583 tələbə istehsalat təcrübəsi keçib. İnsan resursları İdarəsi öz fəaliyyətini qanunvericiliyin tələbləri və insan resurslarının idarə edilməsi üzrə qəbul edilmiş Cəmiyyətdaxili qaydalar əsasında qurmaqla yanaşı, həm də öz işini daha yüksək təşkil etmək, işçilərlə işəgötürən arasındakı münasibətləri daha da təkmilləşdirmək məqsədilə insan resurslarının idarə edilməsi sahəsindəki beynəlxalq təcrübələrin öyrənilərək cəmiyyətdaxili əmək münasibətlərinə tətbiq edilməsi imkanlarını araşdırır. Bu araşdırmanın məntiqi nəticəsi kimi, 2019-cu ildən etibarən Cəmiyyətin insan resurslarının idarə edilməsi sahəsində işləyən işçilərinə SHRM təlimləri keçirilir.
Hazırda 2 nəfər əməkdaş bu sertifikata malikdir və 2020-ci ildə daha 5 nəfərin imtahanda iştirakı təsdiqlənib.
- Son illər ADY-nin əməkdaşlarının əmək haqqı nə qədər artırılıb?
- İnsan resurslarının digər sahələrində olduğu kimi, əmək haqqı sahəsində də bir sıra tədbirlər həyata keçirilərək Cəmiyyət üzrə orta aylıq əmək haqqı 2015-ci il ilə müqayisədə 240%, yəni 2,4 dəfə artıb. Belə ki, 2015-ci ildə orta əmək haqqı 270 manat olduğu halda hazırda 649 manat təşkil edir. Müqayisə üçün bildirək ki, ölkə üzrə orta əmək haqqı 712 manat təşkil edir. Ötən ilin mart ayı ilə müqayisədə 1,4 milyon manat, cari ilin fevral ayı ilə müqayisədə isə bu ilin mart ayında işçilərin əmək haqlarına 1,6 milyon manat əlavə vəsait xərclənib. Bunun əsas səbəbi xüsusi karantin dövründə Cəmiyyətdə 60 yaşdan yuxarı olan əməkdaşların, az yaşlı uşağı olan qadınların işə cəlb olunmaması, özünütəcrid və sosial məsafəni saxlamaq məqsədilə işçilərin növbəli şəkildə işləmələri nəticəsində növbəli iş rejimlərində yaranan iş vaxtından artıq iş saatları üçün ödənilən ödənişlər olub.
Bundan əlavə, struktur və ştatlar üzrə elektron bazanın dəstəyi ilə Cəmiyyət daxilində elektron sənəd dövriyyəsinə keçid insan resurslarının idarə edilməsi sahəsinə də öz müsbət təsirini göstərib.
Elektron sənəd dövriyyəsinin tətbiqi sənədlərin hazırlanması və icrasına sərf olunan vaxtın və əməyin azalmasına, daxili icra intizamının yüksəldilməsinə, sənədlərin icrasına nəzarət mexanizminin sadələşdirilməsinə, vətəndaş müraciətlərinə operativ cavab verilməsinə, digər struktur bölmələrlə əlaqələrin sürətləndirilməsini təmin etməyə şərait yaratmış, habelə sənədlərin saxlanması, qeydiyyatı və sistemləşdirilməsi üzrə kargüzarlıq fəaliyyəti daha da təkmilləşdirilib.
- Karantin dövründə ADY-nin işçilərinin fəaliyyəti necə tənzimlənib?
- Ölkəmizdəki mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək tətbiq edilən xüsusi karantin rejimi dövründə Cəmiyyət işçilərinin sağlamlıqlarının qorunması istiqamətində görülən tədbirlər çərçivəsində digər aidiyyəti struktur bölmələr kimi Cəmiyyətin Həkim Sanitar Xidməti və İnsan resursları İdarəsi də öhdəsinə düşən işləri tam məsuliyyətlə həyata keçirib. Belə ki, karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq, işçilər tərəfindən rejimin tələblərinə əməl edilməsi məqsədilə ölkədə və Cəmiyyətdə qəbul edilən qərarlar və tövsiyələr barədə onların mütəmadi məlumatlandırılması, karantin rejimi ilə əlaqədar olaraq qoruyucu və dezinfeksiyaedici vasitələrin Cəmiyyət əməkdaşlarına paylanması təşkil edilib.
Bundan əlavə, ölkədə elan edilmiş karantin vəziyyəti aradan qaldırılanadək zəruri iş yerlərində fasiləsiz fəaliyyətin təmin edilməsi və virusun yayılmasının qarşısının alınması məqsədilə işçilərin növbəli iş rejimində işləməsi üçün müvafiq cədvəllər tərtib və tətbiq edilib. İnsan resursları İdarəsi Cəmiyyətin digər strukturları kimi karantin rejimi dövründə öz fəaliyyətini mövcud vəziyyətin tələblərinə uyğunlaşdırmaqla məsafədən işləmə rejiminə üstünlük verərək, idarə daxili müzakirələri, iclasları görüntülü video konfranslar şəklində aparır, hökumət və Cəmiyyət rəhbərliyinin göstərişlərini, qərar və tövsiyələrini əsas tutaraq əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunması üçün bütün tədbirlərin həyata keçirilməsində fəal iştirak edir.
Cəmiyyət rəhbərliyinin siyasi iradəsi və dəstəyi ilə 2019-cu ildə insan resurslarının idarə edilməsi sahəsindəki daxili normativ sənədlərin hazırlanmasını uğurla başa vuran İdarənin 2020-ci ildə insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması və 2021-ci ildə isə əmək şəraiti standartlarının daha da yüksəldilməsi, işçilərlə əlaqələrin daha da təkmilləşdirilməsi kimi prioritet hədəfləri var.