SOSİUM

28 Aprel

Ekspert: “Qanunsuz parklamaya görə cərimələrin ləğvi BNA-nın sürücülərə jesti idi”

Karantin rejiminin tətbiqi ilə əlaqədar 21 mart tarixindən etibarən Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini müvəqqəti olaraq dayandırdı. Bakı küçə və prospektlərində nəqliyyat sıxlığının olmaması və bir çox ictimai iaşə obyektlərinin fəaliyyət göstərməməsi nəzərə alaraq, Agentliyin atdığı bu addım həm də karantin rejimi günlərində şəhər sakinlərinə dəstək məqsədi daşıyırdı.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı  verdiyi açıqlamada bildirib ki, karantin müddətində dayanma-durma cərimələrinin ləğv edilməsi BNA-nın sosial məsuliyyət anlayışının göstəricisi, əhaliyə jesti idi:

Avtosfer.Az | Ekspert: Azərbaycanda sığorta ilə bağlı normal ...

“Karantin rejimi tətbiq ediləndən sonra bir çox dövlət qurumları müxtəlif sahələrdə güzəştlər tətbiq etdilər. BNA-nın da belə bir faydalı addım atmağı çox təqdirəlayiq və müsbət yanaşma idi. Bu addımın atılması sürücülər tərəfindən də çox xoş qarşılandı. Lakin sürücülər bilməlidirlər ki, bu güzəşt daimi ola bilməz. Çünki karantin şərtlərinin yumşaldılmağa başladığı günlərdə belə şəhərdə kifayət qədər maşın olduğunu müşahidə edirik. Hətta bəzi küçə və ya prospektlərdə tıxac da yaranır. Belə olan halda təbii ki, qanunsuz parklanma ilə mübarizə tədbirləri davam etdirilməlidir. Sürücülər qadağan olunmuş yerlərdə avtomobil park etməyi vərdiş halına çevirməməlidirlər. Bu güzəşt yalnız xüsusi karantin dövrünə aid idi. Artıq mayın 1-dən etibarən bəzi yerlərdə qanunsuz dayanma-durmaya görə cərimələr bərpa ediləcək. Düşünürəm ki, pozuntulara görə cərimələrin tətbiq olunduğu ərazilərin əhatəsi tədricən artırılmalı və bir neçə gün sonra müvəqqəti güzəşt tamamilə ləğv edilməldir”.

Qeyd edək ki, mayın 1-dən etibarən Agentlik tərəfindən dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcəkdir.