SOSİUM

28 Aprel

Bəzi xidmət sahələrinin bərpası sərnişin sıxlığı yaradıbmı? - AÇIQLAMA

27 aprel tarixindən Azərbaycanda COVID-19 virusu ilə əlaqədar olaraq tətbiq edilən xüsusi karantin rejiminə aid məhdudiyyətlərin bir qisminin yumşaldılmasına başlanılıb. Artıq “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu onlayn növbə tutmaqla həyata keçirilməyə başlayıb. Həmçinin fərdi tədris və repetitor xidmətləri, kitab, qəzet və dəftərxana mallarının satışı, çap və surətçıxarma fəaliyyəti, fotoatelye/fotostudiyalar, dərzi və fərdi mənzillərdə təmizlik xidmətləri, kosmetika, geyim, ayaqqabı, mebel, avtomobil satışı və s. iş və xidmət sahələrində fəaliyyət bərpa olunub.

Bəs bir sıra xidmət sahələrində fəaliyyətin bərpa olunması ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayına necə təsir edib? Bakı Nəqliyyat Agentliyi (BNA) gözlənilən sərnişin artımı nəticəsində yarana biləcək sıxlığın aradan qaldırılması üçün hansı tədbirlər görüb?

Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, bəzi xidmət sahələri və iş yerlərinin fəaliyyətinin bərpa olunması sərnişin axınına təsirsiz ötüşməyib:

"Əvvəlki günlərlə müqayisədə səhər saatlarında sərnişin axını daha yüksək olub. Lakin qeyd etmək istərdim ki, əvvəlcədən hazırlanan fəaliyyət planı üzrə atılan addımlar sayəsində səhər saatlarında sərnişindaşıma prosesi nəzərdə tutulan qaydada icra olunub. Bildirim ki, xüsusi karantin rejimində və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərara uyğun vəziyyətlərdə sərnişindaşımaların təşkilinə dair konkret fəaliyyət planları mövcuddur. Mütəxəssislərimiz tərəfindən hazırlanan bu planlar konkret hesablamalara əsaslanır. Qısa vaxtda ekspres xətlərin təşkili və bu xətlərlə bağlı tənzimləmələr, ehtimallar da məhz bu dəqiq hesablamalar sayəsində mümkün olub. Eyni zamanda aprelin 27-də sərnişindaşımalarının nəzərdə tutulan qaydada icrası ilə bağlı hələ ötən həftədən daşıyıcılara xəbərdarlıq məktubları ünvanlanıb. Eyni zamanda şifahi olaraq bir daha onların üzərinə düşən məsuliyyət onların diqqətinə çatdırılıb".

M. Ağayev əlavə edib ki, sərnişin axınında artım hələ ötən həftədən özünü göstərməkdədir:

"Ümumilikdə deyim ki, aprelin 13-dən hər gün artım qeydə alınmaqdadır. Keçən həftə boyunca gündəlik sərnişin axını 550-600 min arasında dəyişib. Lakin bütün bu hallar əvvəlcədən nəzərə alınıb və gündəlik olaraq artan sərnişin axını düzgün formada idarə olunub.

Bir məsələni də qeyd edim ki, artıq iki ay olar ki, sərnişindaşımaları demək olar xüsusi rejimdə fəaliyyət göstərir. Gündəlik olaraq bütün əməkdaşlarımız, bütün səy və qüvvələrimiz ona səfərbər olunub ki, üzərimizə düşən işi layiqincə yerinə yetirilməsinə nail olaq. Bunu etməkdə də ən əsas məqsəd, həyat əhəmiyyətli sahələrdə çalışanların daşınmasını təmin etməkdir".