SOSİUM

21 Aprel

Ekspert: "Pandemiya beynəlxalq yük axınlarını dəmir yoluna yönləndirib"

Ümumbəşəri bəlaya çevrilmiş koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində sərhədlər bağlanıb, sosial izolyasiya ilə əlaqədar olaraq, iqtisadi fəallıq minimuma enib.

Bəs bütün bunlar beynəlxalq yükdaşımalara necə təsir edib?

Fins.az xəbər verir ki, bununla bağlı açıqlama verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev hərəkətlə bağlı məhdudiyyətlərin beynəlxalq yükdaşımalara şamil edilmədiyini deyib.

Onun sözlərinə görə, əksər hallarda yükdaşımalar əvvəlki qaydada davam edir: “Buna baxmayaraq, yük axınlarının özünün konyukturasında əhəmiyyətli dəyişikliklər baş verib. Belə ki, pandemiya yük axınlarını dəmir yolu nəqliyyatına yönləndirməklə bu sektora yeni perspektivlər gətirib. Nəticədə dəmir yolu nəqliyyatı ilə yükdaşımalara tələbat artıb. Bu nəqliyyat növü ilə yükdaşımalar, onsuz da, daha ucuz başa gəldiyi və ekoloji cəhətdən təmiz olduğu üçün müqayisəli üstünlüyə malik idi. Lakin dəmir yolunun eyni anda böyük həcmdə yükü, prosesə az sayda insan cəlb etməklə daşımaq imkanı verməsi ona mövcud durumda əlavə üstünlük qazandırıb. Ötən gün Bakıya çatan Türkiyədə istehsal olunan ixrac məhsullarını daşıyan 940 metr uzunluğunda, 82 konteynerdən ibarət nəhəng qatar buna bariz misaldır. O, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyə qədər hərəkət edən ən uzun qatardır”.

Ekspert hesab edir ki, hər bir böhran yeni imkanlar deməkdir: “Əsas məsələ ölkələrin bu çağırışlara nə dərəcədə hazır olmasındadır. Azərbaycan son illər nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolunun inkişafına əhəmiyyətli investisiya edib. Ancaq bununla kifayətlənmək düzgün deyil. Müasir çağırışlara maksimal dərəcədə hazır olmaq üçün bu sektoru daha rəqabətqabiliyyətli vəziyyətə gətirmək və onun cəlbediciliyini artırmaq mühüm əhəmiyyət kəsb edir. Bunun üçün isə dəmir yolu infrastrukturunun inkişafına və modernizasiyasına davam olaraq yatırımların edilməsi vacibdir”.

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı yaranmış məhdudiyyətlərə baxmayaraq "Azərbaycan Dəmir Yolları" QSC dəmir yolu ilə yükdaşımaları əvvəlki qaydada davam etdirir. Sərhəd-keçid məntəqələrində quraşdırılan müasir tipli dezinfeksiyaedici qurğular vasitəsilə bütün yük vaqonları dezinfeksiya edilir. Proses həm qatarların üst hissəsini, həm də yüklər tam boşaldıldıqdan sonra daxili hissəsini əhatə edir. Bundan başqa bütün lokomotivçilər xüsusi geyim, dezinfeksiya aparatı və məhlullarla təmin olunub. Onlar həmin aparat vasitəsilə lokomotivləri dezinfeksiya edirlər.