SOSİUM

04 Fevral

Ekspert: “Bakı avtobuslarında sərnişin və sürücü mədəniyyəti müsbətə doğru dəyişib”

Dünya praktikasında insanların həyat şəraitinin yaxşılaşdırılmasında əsas məqamlardan biri də ictimai nəqliyyat sisteminin düzgün qurulmasıdır. Son illər ölkəmizdə, xüsusən də Bakı şəhərində bu istiqamətdə önəmli addımlar atıldığının şahidi oluruq. Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Bakı şəhərinin ictimai nəqliyyatının yaxşılaşdırıldığını, həm dövlət, həm özəl sektor xətti ilə daha səmərəli fəaliyyət göstərdiyini qeyd edib. Bununla yanaşı, ölkə başçısı Bakı və Sumqayıtdan fərqli olaraq digər şəhərlərdə acınacaqlı vəziyyətin yaşandığını, şəhər nəqliyyatının bərbad vəziyyətdə olduğunu vurğulayıb.

Azərbaycanın paytaxt və bölgələrində ictimai nəqliyyatın vəziyyəti ilə bağlı  açıqlama verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev öncə şəhər nəqliyyatı ilə bağlı görülən müsbət işlərdən danışıb:

“Bakı şəhərində ictimai nəqliyyatın təşkilində müsbət dinamika var. Bu barədə ölkə prezidenti dünənki çıxışında da qeyd etdi. Yeni standartlara cavab verən avtobuslar gətirilir. Keçən il 300-ə qədər avtobusun gətirilməsi nəzərdə tutulmuşdu. Səhv etmirəmsə 280 ədəd 12 metrlik avtobuslar artıq gətirilib. 20 ədəd də 18 metrlik avtobus gətiriləcək. Əlavə olaraq bu il də 300 avtobus alınacaq. Bundan başqa, özəl daşıyıcı şirkətlərindən “Xalid Faiqoğlu” şirkəti də yeni “BMC Procity” avtobusları gətirib. Bu il də mərhələli şəkildə yeni modellərin gətirilməsi nəzərdə tutulub. Şirkət bununla bağlı Avropa Yenidənqurma və İnkişaf Bankından kredit götürmüşdü. “Bakubus”dan sonra ikinci ən böyük park bu şirkətindir. Növbəti sırada isə “Çinar Trans” MMC gəlir. Bu şirkət 160 nömrəli marşrutun sahibidir. Digər şirkətlərin isə bir sıra çatışmayan cəhətləri var. Məsələn, bəzilərinin parkı var, lakin qarajı yoxdur. Onların qarşısında müxtəlif tələblər qoyulub. Tələbləri icra edənlər bazarda qalacaq, etməyənlər isə bazarı tərk edəcək.

İctimai nəqliyyat infrastrukturun yaxşılaşdırılması baxımından işlər yalnız şəhər mərkəzində deyil, şəhərətrafı ərazilərdə də aparılıb. Belə ki, Bakı-Hövsan xətti üzrə 175 nömrəli, Bakı-Lökbatan xətti üzrə 125 nömrəli, Bakı Mühəndislik Universiteti-Abşeron gənclər şəhərciyi xətti üzrə 199 nömrəli, Bakı-Binə xətti üzrə isə 160 nömrəli avtobuslar fəaliyyət göstərir. Bunların hamısına Bakı Nəqliyyat Agentliyi nəzarət edir. Onun alt qurumu isə “Bakubus” daşıma şirkətidir. 175 və 125 nömrəli avtobuslar “Bakubus” şirkətinindir. 160 nömrəli avtobus “Çinar Trans”, 199 nömrəli avtobus isə “Xalid Faiqoğlu” şirkətinə məxsusdur. Bunlar hamısı 12 metrlik, kondensionerli və müasir tələblərə cavab verən yeni avtobuslardır.

“Bakubus”ın yarandığı 21 dekabr 2015-ci il tarixindən bu günə qədər ictimai nəqliyyatda həm sürücü mədəniyyəti, həm sərnişin davranış qaydalarında xeyli müsbət dəyişikliklər olub. Sərnişinlərin ölüm sayı da kifayət qədər azalıb”.

Ekspert bildirib ki, Bakı Nəqliyyat Agentliyi (BNA) yarandığı gündən etibarən bir çox mühüm işlər görür:

“Bu qurum optimallaşdırma apardı və eyni xətt üzrə olan avtobusları ləğv etdi. Bir çox xətlərdə kart ödəniş sisteminə keçildi. Əvvəllər xəbərlərdə tez-tez avtobus qəzalarının olmasına rast gəlirdik. Sürücülər avtobusu necə gəldi və çox sürətlə idarə edir, az qala öz aralarında yarış keçirirdilər. İndi isə belə hallara yol verilmir. Lakin avtobuslar üçün ayrıca zolağın olmaması problem olaraq qalır. Dayanacaqların qarşısını taksilər, taksilərin isə yerini şəxsi avtomobillər tutur. Bütün bu problemlərin kökü sürücü mədəniyyəti məsələsinə dayanır. Atılan bütün müsbət addımlara baxmayaraq, hələ də ictimai nəqliyyat sahəsində xeyli işlər görməliyik.

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı”nda şəhər nəqliyyatının müasirləşdirilməsi bəndi var. Çox güman ki, 2020-ci il bu istiqamətdə çox aktiv bir il olacaq. Nəqliyyat sektoru, xüsusilə də şəhər nəqliyyatında xeyli müsbət dəyişmələr baş verəcək. Bu dəyişmələr sırasında avtobus parkının yenilənməsini, nağdsız ödəniş sisteminin tətbiq olunmasını xüsusi qeyd etmək olar. Digər sektorlar kimi nəqliyyat sektorunda da əmək münasibətləri çox önəmlidir. Dünən ölkə prezidenti də öz çıxışında əmək münasibətləri məsələsinə toxundu. Biri var planla işləyəsən, bir də var ayın axırı konkret maaş alasan. Sürücülərin maaşının normal olması da önəmli məsələdir. Çünki maaş aşağı olanda işçi qarşısında sərt tələblər qoymaq olmur. Kart sisteminin tətbiqi, eyni zamanda, sərnişin axının düzgün müəyyənləşdirilməsinə kömək edəcək.

Bölgələrdə isə ictimai nəqliyyatın vəziyyəti bir qədər acınacaqlıdır. Bölgələrdə ictimai nəqliyyata Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) nəzarət edir. Amma BNA-dan fərqli olaraq bu qurumun “Bakubus” kimi avtobus parkı yoxdur. Avtobusların hamısı özəl daşıyıcı şirkətlərə məxsusdur. Həmin şirkətlər isə öz büdcələrinə uyğun olaraq Almaniya və digər ölkələrdən istifadə olunmuş avtobuslar alıblar. Təqribən iki il öncə statistik göstəricilərdə 77% avtobusların istifadə müddətinin 10 ildən yuxarı olduğu göstərilirdi. Bir il ərzində DANX bu göstəricini 67%-ə kimi endirə bildi. Son bir ildə Quba, Masallı Gəncə və digər bölgələrin bir çoxunda daşıyıcılar yeni avtobusları xəttə buraxıblar. Bölgələrdə insanların əksəriyyəti bir-birini tanıdığı və sərnişin axını paytaxtdakı qədər olmadığı üçün orda sürücülərin davranışlarında xoşagəlməz hallar çox olmur. Bölgələrdəki əsas problem avtobus parkının köhnə olmasıdır. Avtobus parkının köhnə olması, avtobusların qarajlarının olmaması, onlara vaxtlı-vaxtında texniki baxışın keçirilməməsi sərnişinlərin təhlükəsizliyini sual altına alır. Eyni zamanda, ekoloji cəhətdən də köhnə avtobusların istifadəsi zərərlidir. Düşünürəm ki, bu il bölgələrdə yeni avtobuslara keçid daha da sürətlənəcək. Hacıqabulda avtobus istehsal edən zavodun da tikilməsi daxili təlabatı ödəmək üçün müsbət bir haldır”.