Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə keçirilən növbəti reyd zamanı Xəzər dənizinin Xaçmaz rayonu ətrafı və Qaraçay çayından Vəlvələçay çayınadək olan ərazi balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib.
Fins.az xəbər verir ki, bunu 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, qadağan olunan alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir və balıqların kökünün kəsilməsi deməkdir: "Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, su hövzələrinin ətrafında yaşayan sakinləri belə balıq ovlayan qohumlarını, qonşularını bu işlərdən çəkindirməyə çağırırıq. Hesab edirik ki, ictimaiyyətin tənbehi onların cəzalandırılmasından daha təsirli olar".