SOSİUM

29 Yanvar

Hövsan kanalı yenidən qurulacaq - RƏSMİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakının Hövsan qəsəbəsində kanalizasiya və çirkab suları, eləcə də, plastik tullantıların dənizə axıdılması məsələsinə münasibət bildirib.

ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənovun sözlərinə görə, bu problem Hövsan kanalının rekonstruksiyası layihəsi çərçivəsində həll oluna bilər:

“Problemin əsas səbəbi odur ki, “Balaxanı Oil”, “Suraxanı Oil”, “AzGerneft” MMC-də, eləcə də, Zabrat-1, Zabrat-2, Ramana, Sabunçu, Suraxanı və Binə qəsəbələrində yığılan tullantı sular Hövsan kanalına axıdılır.

Çünki bu ərazilərin kanalizasiya sistemləri mərkəzi kanalizasiya sisteminə qoşulmayıb. Uzun illərdir Hövsan kanalında bu problem mövcuddur.  Kanalın rekonstruksiyası zamanı axarların mərkəzi kanalizasiya xəttinə qoşulması, tullantı sularının neytrallaşdırılması nəzərdə tutulub. Bu gün bu məsələlərin həlli üçün müvafiq təşkilatlar tərəfindən layihə hazırlanır”.

Ə.Həsənov bildirib ki, əraziləri çirkləndirənlər dəfələrlə cərimələnib:

“Onlara xəbərdarlıq olunub. Amma ümumiyyətlə, bu problem Hövsan kanalının rekonstruksiyası layihəsi çərçivəsində həll olunacaq”.

© Oxu.az