SOSİUM

14 Yanvar

Sahil Babayev: “Ötən il DOST iş mərkəzləri 38 min iş yeri yaradıb”

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə məxsus 2 DOST mərkəzi istifadəyə verilib.

Fins.az xəbər verir ki, bu barədə nazir Sahil Babayev Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə məlumat verib.

“Mayın 9-da birinci DOST Mərkəzi, dekabrın 24-də ikinci DOST Mərkəzi istifadəyə verilib. Cəmi səkkiz ay ərzində birinci DOST Mərkəzində 63 min vətəndaşımız qəbul edilib, ümumilikdə vətəndaşlarımızın məmnunluq səviyyəsi də 95,2%-ə bərabər olub. DOST mərkəzlərində konsepsiyaya uyğun olaraq könüllülük proqramları geniş vüsət alıb. Orada həm “Gənc DOST” könüllü proqramı, həm də ahıl şəxslər üçün “Gümüşü DOST” və “Virtual DOST” proqramları icraya verilib. Cəmi 6 ay ərzində 6 900 könüllü bu proqrama müraciət edib. Onlardan 250 nəfər bizim mərkəzlərimizdə fəaliyyətə başlayıb. Sizin digər bir təşəbbüsünüzlə başlayan digər bir geniş proqram haqqı ödənilən ictimai işlər proqramıdır. Bununla bağlı ötən il DOST iş mərkəzləri tərəfindən 38 min iş yeri yaradılıb. Burada 45 mindən artıq vətəndaşımızın müvəqqəti məşğulluğu təmin edilib. Dövlət müəssisələri tərəfindən 28 min iş yeri yaradılıb. Bu proqramların icrası nəticəsində çox böyük bir kəsim, yəni, faktiki olaraq 64 min insanın il ərzində məşğulluğu təmin edilib. Sizin tapşırıqlarınıza uyğun olaraq bu proqramın da cari ildə davam etdirilməsi planlaşdırılır”, - deyə o, qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, ötən il özünüməşğulluq proqramı daha da genişləndirilib: “2019-cu ildə 10 min 354 vətəndaşımız bu proqrama cəlb edilib. Onlar müvafiq təlimləri başa vurublar, öz biznes planlarını uğurla müdafiə ediblər və artıq 8 min 500 nəfəri öz aktivlərini alıb. Aktivlərin paylanma prosesi davam edir və ayın sonuna qədər qalanları da aktivlərlə tam şəkildə təmin olunacaq. BMT İnkişaf Proqramının, eyni zamanda, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin bu proqrama qoşulması, əlavə 500 nəfərin aktivlərlə təmin olunması proseduru məhz bu iki layihə çərçivəsində icra olunur. Bu proqramın da genişləndirilməsinə, Dünya Bankı ilə danışıqların yekunlaşdırılmasına dair Sizin tapşırıqlarınız olub. Biz artıq Dünya Bankı ilə ilkin müzakirəni yekunlaşdırmışıq. Kredit sazişi üzrə danışıqlar yanvar ayının 18-nə təyin olunub. Bu danışıqlar yekunlaşdıqdan, Dünya Bankının proseduruna uyğun onun Şurasında təsdiq olunduqdan sonra iyun ayına qədər müqavilənin imzalanmasını gözləyirik. Lakin həm Maliyyə Nazirliyi, eyni zamanda, Dünya Bankı ilə müzakirələr nəticəsində belə qərara gəlinib ki, müqavilə imzalanana qədər də retroaktiv maliyyələşmə prinsipi əsasında hazırlıq işlərini artıq fevral ayından başlayaraq icra edəcəyik”.

© Report