Yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də çıxış edib.
Nazir çıxışında deyib:
“İnzibati tədbirlər nəticəsində ölkədə 2019-cu il ərzində 153 min əmək müqaviləsi artdı. Təqdirəlayiqdir ki, bunun 99 mini, yəni, böyük hissəsi məhz özəl sektorun, 54 mini isə dövlət sektorunun payına düşdü. Əməkhaqqı fondu 42,3 faiz artdı, bu da çox böyük rəqəm idi, cəmi bir il ərzində əldə olunan nəticədir”.
Müşavirədə Prezident İlham Əliyev deyib: Bu, qeyri-formal məşğulluqla bağlı mübarizə nəticəsində baş verdi. Yəni, bu əmək müqavilələri, sadəcə olaraq, rəsmiləşdirildi. Bu, birinci onu göstərir ki, biz düzgün yoldayıq və aparılan siyasət nəticə verir, amma, eyni zamanda, hələ ki, kölgə iqtisadiyyatında minlərlə, on minlərlə insan işləyir. Ona görə kölgə iqtisadiyyatından çıxmaqla bağlı bütün qurumlar fəal işləməlidir və burada çox ciddi koordinasiya aparılmalıdır. Mən Nazirlər Kabinetinə tapşırıq verirəm ki, bu məsələ ilə bağlı ayrıca müşavirə keçirsin və aidiyyəti qurumlar öz təkliflərini versinlər. Qurumlar arasında da çox ciddi koordinasiya işləri aparılmalıdır. 153 min əmək müqaviləsinin rəsmiləşdirilməsi çox böyük hadisədir. Əlbəttə ki, həm şəffaflığa xidmət göstərir, eyni zamanda, pensiya təminatı üçün də bunun çox böyük əhəmiyyəti var.