Finss.az - Bu gündən Azərbaycanın Xankəndi şəhəri yüksək səviyyəli beynəlxalq tədbirə - İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə ev sahibliyi edəcək. Builki zirvə görüşünün əsas mövzusu dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regional əməkdaşlığın qurulmasıdır. Bu Azərbaycanın strateji olaraq dəstəklədiyi istiqamətlərdən hesab olunur.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
O bildirib ki, 570 milyon əhalisi ilə 2 trilyon 610 milyard dollarlıq nominal və 8 trilyon 830 milyard dollarlıq real ümumi daxili məhsula sahib olan İƏT artıq regional deyil, qlobal güc mərkəzlərindən hesab olunur:
"Son 10 ildə təşkilata üzv ölkələrdə iqtisadi artım 4.0 faizə yaxın olub. 2023-cü ildə isə təşkilata üzv dövlətlərinin iqtisadiyyatı orta hesabla 3.7 faiz böyüyüb ki, bu da 2.8 faizlik qlobal artımdan daha yüksəkdir.
Xankəndində İƏT-nin sammitinin təşkil edilməsi regiondakı yeni düzən fonunda ölkəmizin geo-siyasi gücünü bir daha təsdiq edir. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlığı daha da dərinləşdirir. İƏT-də Azərbaycanın strateji əməkdaşlıq etdiyi ölkələr var. Həmin ölkələrlə əməkdaşlığın daha da dərinləşməsi Azərbaycanın xarici siyasətində prioritet məsələdir".
"Bu baxımdan Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti bir yandan təşkilata üzv dövlətlər arasında əlaqlələrin dərinləşməsinə, iqtisadi əlaqələrin, eləcə də strateji əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə xidmət edəcək. Bu, bütövlükdə təşkilata üzv ölkələr arasında əməkdaşlığın güclənməsi üçün imkandır. Bu kontekstdən Azərbaycan beynəlxalq tədbirlərə mütəmadi olaraq ev sahibliyi edir. İƏT sammitinin Azərbaycanda keçirilməsi bütövlükdə təşkilatın işinə töhfə verməklə yanaşı, ölkələr arasında münasibətlərin dərinləşməsinə xidmət edir",- deyə deputat əlavə edib.