Finss.az - Tailandın Konstitusiya Məhkəməsi Baş nazir xanım Petonqtarn Çinavatanı işdən çıxarılması ilə bağlı məsələyə baxılanadək vəzifəsinin icrasından məhrum edib.
AZƏRTAC Tailand mediasına istinadla xəbər verir ki, Konstitusiya Məhkəməsi 36 senatorun müraciəti əsasında belə qərar qəbul edib. Səbəb Baş nazirin Tailand ilə Kamboca arasında sərhəd gərginliyi ilə əlaqədar Kambocanın sabiq lideri Hun Sen ilə telefon danışığının sızmasından sonra Tailandda Petonqtarn Çinavataya qarşı yaranan etirazlardır. Məhkəmə senatorların Baş naziri saxtakarlıqda və konstitusiyanın etik normalarını pozmaqda ittiham etdiyi petisiyanı qəbul edib.
Hökumətə müvəqqəti olaraq Baş nazirin müavini rəhbərlik edəcək.
Qeyd edək ki, Baş nazir Petonqtarn Çinavatanın Kambocanın sabiq lideri ilə telefon danışığı ölkədə qəzəblə qarşılanıb və hökumətin nüfuzunu xeyli aşağı salıb. Belə ki, Baş nazir telefon danışığı zamanı Hun Senə “dayı” deyə müraciət edib və sərhəddəki gərginlikdən danışarkən Tailand ordusunun komandirlərini tənqid edib.
Yüzlərlə vətəndaş bir neçə gündür paytaxt Banqkokda Baş nazirin istefasını tələb edən aksiyalar keçirir.
Petonqtarn Çinavata Tailandın sabiq Baş nazir Taksin Çinavatın qızıdır. Tailandın hökumət başçısı olan ikinci qadın və bu günə qədər Krallığın ən gənc Baş naziri olan xanım Petonqtarn Tailandın nüfuzlu Çinavata ailəsinin baş nazir postunu tutan üçüncü nümayəndəsidir. Onun atası 2001-2006, xalası Yinqlak isə 2011-2014-cü illərdə bu vəzifəni tutub.