Finss.az - Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə hazırlaşır.
Bu barədə iyunun 20-də Prezident İlham Əliyevin qəbulunda olan Özbəkistanın investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratov məlumat verib.
Nazir bildirib ki, dövlət başçısı qarşıdakı səfəri konkret praktiki məzmunla zənginləşdirmək üçün hökumətə müvafiq tapşırıqlar verib. Görüş zamanı Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan münasibətlərinin bütün sahələrdə dostluq və tərəfdaşlıq ruhunda inkişaf etdiyini qeyd edib və ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Tərəflər arasında sənaye kooperasiyası, nəqliyyat-logistika sahələri və yeni birgə layihələr üzrə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ötən il Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı müəyyənləşdirilən prioritetlər istiqamətində fəal işlər davam etdirilir.