Siyasət

04 İyun

Fransa və Belçika Rusiyadan qaz qadağasına qarşı çıxdı

Finss.az -, Fransa və Belçika Avropa Komissiyasının Rusiyadan mayeləşdirilmiş təbii qazın (MTQ) alınmasına mərhələli şəkildə qadağa tətbiq olunması təklifinə qarşı çıxış ediblər.

Bu barədə nüfuzlu Politico nəşri məlumat yayıb.

Məlumata görə, Brüssel Rusiyadan qaz və nüvə yanacağının idxalını 2027-ci ilin sonuna qədər tam dayandırmağı planlaşdırır. Lakin Fransa və Belçika bu qərarın qəbul edilməsindən əvvəl onun iqtisadi və hüquqi nəticələri ilə bağlı daha aydın təminatlar tələb edir.

Fransanın energetika naziri Mark Ferraci bildirib ki, ölkəsi artıq gündəmdə olan Avropa diversifikasiya strategiyasını dəstəkləyir, lakin bu prosesdə ehtiyatlı yanaşma vacibdir.

Qeyd olunur ki, hazırda Avropa İttifaqına Rusiyadan idxal edilən MTQ-nin 97%-i məhz dörd ölkənin – Fransa, Belçika, İspaniya və Niderlandın payına düşür. İspaniya və Niderland isə Brüsselin təklifini dəstəklədiklərini açıqlayıblar.

Politico həmçinin xəbər verir ki, Macarıstan və Slovakiya da qərarın əleyhinə çıxaraq, daha ucuz Rusiya enerjisindən istifadəni davam etdirmək niyyətindədirlər. Avropada enerji qiymətlərinin yüksək olması səbəbindən bir çox siyasətçilər və sənaye təmsilçiləri Rusiya enerji resurslarına gələcəkdə yenidən qayıdılmasını zəruri sayırlar.

Avropa Komissiyasının bu məsələ ilə bağlı yekun qərarı iyun ayında verməsi gözlənilir.