Finss.az - ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə apardığı telefon danışığından sonra bildirib ki, Ukraynada münaqişənin həllinə mane olmamaq məqsədilə Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək fikrində deyil.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, sanksiyaların genişləndirilməsi vəziyyəti daha da pisləşdirə bilər.
“İnanıram ki, nəsə etmək üçün şans var və əgər sanksiyaları sərtləşdirsək, bu, vəziyyəti daha da ağırlaşdıra bilər,” — deyə o, qeyd edib. Eyni zamanda, Tramp gələcəkdə sanksiyaların sərtləşdirilməsi ehtimalını istisna etməyib.
Prezident həmçinin Putinin sülh istədiyinə inandığını və rusiyalı liderə güvəndiyini vurğulayıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə jurnalistlərə bildirib ki, telefon danışığı zamanı yeni sanksiyalar məsələsi müzakirə olunub. Uşakovun sözlərinə görə, Tramp Senatda yeni sanksiyalarla bağlı qanun layihəsinin hazır olduğunu qeyd edib, lakin özü sanksiyaların sərtləşdirilməsinin əleyhinədir və dialoq yolu ilə razılaşmaların əldə olunmasını üstün tutur.