Finss.az - Avropa İttifaqı (Aİ) ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) idxalının artırılması imkanlarını gömrük rüsumları ilə bağlı mövcud vəziyyət kontekstində qiymətləndirir.
Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.
İtkonenin sözlərinə görə, məsələ hazırda Avropa İttifaqı ilə ABŞ arasında davam edən gömrük danışıqları çərçivəsində müzakirə olunur:
“Hazırda ətraflı məlumat vermək mümkün deyil, çünki bu məsələ danışıqların predmetidir. Lakin biz enerji daşıyıcılarının bu kimi alımlarını düşünməyə başlamalıyıq,” – deyə o bildirib.
O, əlavə edib ki, bu mövzu ABŞ-da 2024-cü ilin noyabrında keçirilmiş prezident seçkilərindən dərhal sonra Aİ liderlərinin Budapeştdə keçirdiyi qeyri-rəsmi sammitdə siyasi səviyyədə gündəmə gətirilib.
“Biz ABŞ-dan qaz idxalımızı artırmağa hazır olduğumuzu qeyd etmişik. Məqsədimiz enerji mənbələrini şaxələndirmək və Rusiya mənşəli LNG-dən asılılığı azaltmaqdır. Bu baxımdan ABŞ perspektivli təchizat mənbəyi hesab olunur,” – deyə İtkonen vurğulayıb.
Qeyd edək ki, hazırda Avropa Komissiyasının ticarət məsələləri üzrə üzvü Maroş Şefçoviç ABŞ-da səfərdədir. O, prezident Donald Tramp tərəfindən elan olunmuş gömrük rüsumları ilə bağlı məsələləri ABŞ rəsmiləri ilə müzakirə edir.